Accessibility links

Əfqan Sadıqovun həyat yoldaşı jurnalistin durumunun son dərəcə ağır olduğunu deyir


Əfqan Sadıqov və həyat yoldaşı Sevinc Sadıqova
Əfqan Sadıqov və həyat yoldaşı Sevinc Sadıqova

“Əfqan Sadıqovun sağlamlıq durumu çox ağırdır. O ölür. Artıq bədəninə sistem yeridilməsindən də imtina edib.”

Bu barədə hazırda həbsxanada 141 gündür aclıq edən Azel.TV saytının rəhbəri Əfqan Sadıqovun həyat yoldaşı Sevinc Sadıqova Amerikanın Səsinə müsahibəsində göz yaşları içərisində deyib.

“Əfqan aclığının 80-ci günündə komaya düşdüyünə görə, son 60 gündə süni qidalandırma və sistemlə saxlanılırdı. Sistem mütəmadi olaraq hər gün olurdu. Amma süni qidalandırma 3 gün olurdu, sonra dayandırılırdı, 10-15 gündən sonra yenidən olurdu. Qidalandırma burun vasitəsi ilə zond yeridilməklə edilirdi. O da sağlamlığına çox mənfi təsir etdiyinə görə fasilələrlə edirdilər. Dünəndən Əfqan sistemdən də imtina edib, çünki çox əziyyət çəkir.”

please wait

No media source currently available

0:00 0:04:06 0:00

Sevinc Sadıqovanın dediyinə görə jurnalist sağlamlığını tamamilə itirib.

“O ayaq üstə dura bilmir, mədəsində, böyrəklərində ağrılar var. Sümükləri, oynaqları bərk ağrıyır, müqavimətini itirib, ayağa qalxa bilmir. Ümumiyyətlə, reanimasiya şöbəsindədir, görüşə əlil arabasında gətirirlər. Vəziyyəti çox ağırdır. Sistemdən ona görə imtina edib ki, deyir, onlar onu görüntü olaraq göstərirlər ki, guya yaşayır. O daxilən çöküb, sağlamlığından əsər-əlamət qalmayıb.”

Sadıqova deyib ki, həkimlər Əfqan Sadıqovun qidalanmağa başlamasını təklif edir.

“Həkim deyir ki, o bütün sağlamlığını itirib. Əfqan bildirib ki, ya azadlığa çıxacaq, ya da ölüb azadlığa çıxacaq. Mən, son məhkəmə qərarından sonra görürəm ki, Əfqan ölüb azadlığa çıxacaq. Mən ona dəfələrlə aclığı dayandırmasını xahiş etmişəm, vəziyyəti çox ağırdır,” bu zaman Sevinc Sadıqova göz yaşlarını saxlaya bilmir.

O, jurnalistin əfvlə azadlığa buraxılmamasına da münasibət bildirib.

“Görünür ona çox qərəzlə yanaşırlar. Qərəz olmasa idi, əfvə düşənlər arasında Əfqanın maddəsi ilə azadlığa buraxılan onlarla insan var. Onu da əfv edərdilər. Amma Əfqanı Apellyasiya Məhkəməsi belə ev dustaqlığına buraxmadı.”

Sadıqova deir ki, jurnalsit aclıq edəndən sonra, yəni 141 gündür onunla bağlı ədalətin bərpa olunması üçün mübarizə aparır.

“Mənim çağırışlarıma, müraciətimə məhəl qoyulmur. Deyirəm, iki körpə uşağı var. Müraciətlərimə baxmırlar. Elə bil Əfqan əsir düşüb. Təsəvvür edin, snayper əsiri azad edirlər, 141 gün aclıq edən, həqiqəti yazan jurnalisti həbsdə saxlayırlar. Adam ölür. Bunu necə çatdırım, anlamıram. Hər gün stress yaşayıram ki, bu gün öləcək. Bilmirəm nə edim? Hər günüm zəhərdir. Adam öləcək. Bütün qurumlar bunu bilir. Bunlar əsirə humanistlik göstərirlər, amma jurnalistə yox,” o qeyd edib.

Penitensiar Xidmətdən Əfqan Sadıqovun sağlamlıq durumu ilə bağlı məlumat almaq mümkün olmayıb.

Yanvarın 25-də Ombudsmanın (İnsan Hüquqları üzrə Müvəkkil) tapşırığı əsasında Sadıqovla görüşən Milli Preventiv Qrupun (MPQ) üzvü Vüqar Heydərov Amerikanın Səsinə bildirib ki, jurnalist çox zəifləmiş durumdadır.

Ombudsman Aparatı rəsmi internet saytında jurnalistin fotosunu yayıb. Sadıqov həbsdən əvvəlki fotoları ilə müqayisədə həddən artıq çəki itirib.

Əfqan Sadıqov 2020-ci il mayın 13-də saxlanılıb və Bakının Binəqədi Rayon Məhkəməsi onun barəsində həbs qətimkan tədbiri seçib.

İstintaqın iddiasına görə, Sadıqov xeberfakt.az nəşrinin redaktoru Sakit Muradovla birlikdə 10000 manat rüşvət alarkən saxlanılıb. Bu zaman Muradovu həbs etməyiblər.

Noyabrın 3-də Bakı Ağır Cinayətlər Məhkəməsi Azel.tv saytının redaktorunu hədələmə yolu ilə pul tələb etmə ittihamı ilə günahkar sayaraq, yeddi il müddətinə azadlıqdan məhrum edib. Jurnalist məhkəmənin hökmünə etiraz olaraq aclığa başladığını elan edib.

2021-ci il yanvarın 28-də Sumqayıt Apellyasiya Məhkəməsi Əfqan Sadıqov barəsində verilən hökmü qismən dəyişib, 7 il həbs cəzasını 6 ilə endirib.

“Mən məhkəmənin hökmünü ədalətsiz hesab edirəm. Ortada heç bir hədə-qorxu, şantaj xarakterli yazı yoxdur,” jurnalist məhkəmədə deyib.

Əfqan Sadıqov həbsindən öncə “Taxtakörpüdə gizlədilmiş cinayət hadisəsi“ adlı məqalə ilə çıxış edib. Məqalədə Taxtakörpü qəsəbəsində kimsəsiz və köməksiz olan iki qadına qarşı (onlardan biri azyaşlıdır) cinsi zorakılıqdan bəhs edilir.

Jurnalist qadınlara qarşı zorakılığın araşdırılmamasından narahatlığını bildirib. O həmin məlumatı YouTube kanalı vasitəsilə də diqqətə çatdırıb.

Sadıqov həmçinin narkotik qaçaqmalçılığında əli olduğunu iddia etdiyi bir qrup şəxs və Sumqayıt şəhər İcra Hakimiyyətinin vəzifəli şəxsləri barədə də tənqidi məqalələrlə çıxış edib.

“Yüksək vəzifəli bir neçə məmuru kəskin tənqid, ifşa etdiyim üçün sifarişin, tapşırıq, göstərişin haradan gəldiyini yaxşı bilirik,” Sadıqov həbsindən öncə Facebook səhifəsində yazıb.

Bir çox yerli və beynəlxalq hüquq müdafiə təşkilatları, o cümlədən Jurnalistləri Müdafiə Komitəsi Azərbaycan hökumətini jurnalistin dərhal azadlığa buraxılmasına çağıran bəyanatlarla çıxış edib.

XS
SM
MD
LG