Accessibility links

Jurnalistin məhkəməsi başlayıb


Mayın 22-də Bakının Xətai Rayon Məhkəməsində “Azadlıq” qəzetinin müxbiri, Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Təzəxan Mirələmliyə qarşı cinayət işi üzrə hazırlıq iclası keçirilib.

Təzəxan Mirələmli Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə ittiham olunur. Ona qarşı cinayət işi özünü “videobloger” kimi təqdim edən Ata Abdullayevin şikayəti əsasında başlanılıb.

Məhkəmə çəkişməsinin predmeti bu il fevralın 26-da AXCP fəallarının Xocalı soyqırımı qurbanları memorialını ziyarəti zamanı baş vermiş insidentdir.

Mirələmlinin sözlərinə görə, o, jurnalist kimi tədbiri işıqlandırıb.

“Ata Abdullayev təhqiramiz ifadələr işlətdi. Mən ona yaxınlaşdım və xəbərdarlıq etdim ki, buna son qoysun. O isə polisə şikayət edib ki, guya mən onu vurmuşam,” o bildirib.

Təzəxan Mirələmli hazırlıq iclasında üç vəsatət qaldırıb: ittihamın əsassız olması ilə əlaqədar cinayət təqibinə son qoyulmasını, məhkəmə binasının qarşısında AXCP lideri Əli Kərimlinin və Milli Şuranın üzvü Gültəkin Hacıbəylinin məhkəməyə gəlməsi tələbini səsləndirən “zərərçəkən”in ərizələrinin videoqeydlərinin işə əlavə olunmasını xahiş edib.

“Bu videokadrlar göstərir ki, əslində Abdullayev zərərçəkən deyil, sadəcə, bütün bunları siyasi şou yaratmaq üçün təşkil edib,” Mirələmli bildirib.

Daha sonra o, 26 fevral insidentinin şahidlərinin dindirilməsi barədə vəsatət qaldırıb.

Hakim birinci vəsatəti təmin etməyib, digər ikisini isə bu mərhələdə baxılmamış saxlayıb.

Ata Abdullayev məhkəmədən Mirələmlinin barəsində qətimkan tədbirinin dəyişdirilməsini və onun həbs edilməsini tələb edib.

Ancaq prokuror qətimkan tədbirinin dəyişdirilməsi üçün əsas görmədiyini deyib. Hakim vəsatəti təmin etməyib.

Cinayət Məcəlləsinin 221.1-ci maddəsinə əsasən Mirələmlini min manatdan üç min manatadək (600-1800 dollar) cərimə və ya bir ilədək islah işləri, yaxud bir ilədək azadlığın məhdudlaşdırılması və ya bir ilədək azadlıqdan məhrum olunma təhlükəsi gözləyir.

Növbəti iclas iyunun 4-nə təyin edilib.

XS
SM
MD
LG