Accessibility links

Jurnalistin məhkəməsində iddianın böhtan hissəsi araşdırılıb


Cəmil Məmmədli

Bu gün, aprelin 9-da Xaçmaz rayon Məhkəməsində hakim Anar Sadıqovun sədrliyi ilə jurnalist Cəmil Məmmədliyə qarşı Quba rayon İcra Hakimiyyəti başçısı Ziyəddin Əliyevin xüsusi ittiham qaydasında iddia ərizəsi üzrə məhkəmə iclası iddianın təhqir hissəsinin araşdırılması ilə davam edib.

Məhkəmə aprelin 2-də jurnalisti Cinayət Məcəlləsinin 147.2 (ağır, xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma), 148-ci (böhtan) maddələri ilə təqsirləndirlən şəxs qismində tanıyıb.

Cəmil Məmmədli Amerikanın Səsinə müsahibəsində deyib ki, bugünkü prosesdə ittihamın təhqir hissəsi araşdırılıb.

“Təhqir hissəsində qarşı tərəf ortaya hər hansı sübut qoya bilmədi. Mənim qabaqkı vaxtlarda ümumi məzmunda yazdığım bir statusa istinad edirlər. O statusda isə Ziyəddin Əliyevin adı çəkiləyib. Bunlar ümumi sözlərə istinad edərək iddia qaldırıblar. İttiham edən tərəf böhtan məsələsini məhkəmədə sübut edə bilmir,” o qeyd edib.

Jurnalistin sözlərinə görə, növbəti məhkəmə iclasında iddianın böhtan hissəsi araşdırılacaq.

“Bu hissədə mənim konkret faktlarım var. Araşdırmalarım insanların audio və video yazı formatında dediklərinə əsaslanır və həmin insanlar yazılı şəkildə dediklərini təsdiq edir. Burada 200 nəfərin bank kartları və rüşvətdən söhbət gedir. Həmin faktları məhkəməyə təqdim edəcəyik,” jurnalist qeyd edib.

Qarşı tərəfin vəkili açıqlama verməkdən imtina edib.

Növbəti məhkəmə iclası aprelin 19-na təyin edilib.

Quba rayon (Bakıdan 168 kilometr şimal) icra hakimiyyəti başçısı Ziyəddin Əliyev müstəqil jurnalist Cəmil Məmmədlini xüsusi ittiham qaydasında məhkəməyə verib. Əliyev jurnalistin ona sosial şəbəkələrdə böhtan atdığını və təhqir etdiyni iddia edir.

Bu jurnalsitin Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyevlə bağlı araşdırma videolarından sonraya təsadüf edir.

Cəmil Məmmədli hazırda müstəqil jurnalist kimi fəaliyyət göstərir. O, əvvəllər Azadlıq radiosunun bölgə müxbiri olub.

XS
SM
MD
LG