Accessibility links

Jurnalistləri Müdafiə Komitəsi Azərbaycanı jurnalisti azadlığa buraxmağa çağırıb


Jurnalistləri Müdafiə Komitəsi

Mərkəzi qərargahı Nyu Yorkda yerləşən Jurnalistləri Müdafiə Komitəsi Azərbaycan hakimiyyətini xeberman.com saytının redaktorunu həbsdən azad etməyə çağırıb.

"Azərbaycan prokurorluğu məhkəmədən jurnalist Polad Aslanovun 17 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsini istəyib. Aslanov - xeberman və press-az müstəqil xəbər saytlarının baş redaktorudur, 2019-cu ilin iyununda uydurma dövlətə xəyanət ittihamı ilə həbs edildikdən etibarən həbsdə saxlanılır. Aslanov həbsindən əvvəl turizm sektorunda yüksək vəzifəli dövlət məmurlarının iştirakı ilə ehtimal olunan korrupsiyanı araşdırırdı," JMK-nin Avropa və Mərkəzi Asiya üzrə proqram direktoru Gulnoza Said bildirib.

“Azərbaycan hakimiyyəti jurnalist Polad Aslanovu dərhal azad etməli, ona qarşı bütün ittihamları ləğv etməli, dövlət korrupsiyasını və ədalətsizliyi ifşa edən müstəqil reportyorlara qarşı amansız kampaniyasına son qoymalıdır,” o qeyd edib.

Oktyabrın 22-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə prokuror jurnalistə 17 il həbs istəyib.

Xeberman.com saytının təsisçisi və baş redaktoru Polad Aslanov 2019-cu il iyunun 12-də saxlanılıb. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunur.

Dövlət Təhlükəsizliyi Xidmətinin məlumatda deyilir ki, Polad Aslanov xarici xüsusi xidmət orqanlarının əməkdaşları ilə respublikadan kənarda məxfi görüşlər keçirib, aldığı pula görə qəbzləri imzalayıb. Açıqlamada onun xarici xüsusi xidmət orqanlarının əməkdaşlarından aldığı tapşırıqlar əsasında Azərbaycanın dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə istifadə etməkdən ötrü topladığı məlumatları həmin orqanlara ötürdüyü bildirilir.

Polad Aslanov ittihamı qəbul etmir, xaricə ziyarətə zəvvarları aparan şirkətlərdən xüsusi xidmət orqanları əməkdaşlarının rüşvət alması barədə yazılarına görə sifarişlə cəzalandırıldığını bildirir.

XS
SM
MD
LG