Accessibility links

Jurnalistləri Müdafiə Komitəsi: Azərbaycanda 6 jurnalist həbsdədir


CPJ
CPJ

Mərkəzi ofisi Nyu Yorkda yerləşən Jurnalistləri Müdafiə Komitəsi (CPJ) dekabrın 11-də dünyada jurnalistlərin vəziyyəti ilə bağlı hesabatını açıqlayıb.

Hesabatın Azərbaycan bölümündə deyilir ki, ölkədə 6 jurnalist həbsdədir.

Onlar Meydan TV-nin əməkdaşı Əfqan Muxtarlı, “Xəbər 44” saytının baş redaktoru Araz Quliyev, “Kənd.info” saytının təsisçisi və baş redaktoru Elçin İsmayıllı, “Reallıq.info” saytının baş redaktoru İkram Rəhimov, “Xebermen” saytının baş redaktoru Polad Aslanov və “Azadlıq” qəzetinin bölgə müxbiri Ziya Əsədlidir.

Azərbaycan hakimiyyəti isə ölkədə heç bir jurnalistin peşə fəaliyyətinə görə həbs olunmadığını, konkret cinayətə görə cəzalandırıldığını bildirir.

Komitə jurnalistlətin həbsə atılmasına görə Çin, Türkiyə, Səudiyyə Ərəbistanı və Misirin liderlik etdiyini bildirir.

2019-cu ildə Çin hökuməti azı 48 jurnalisti həbsə atıb və bu sahədə bütün ölkələrdən önə çıxıb.

Jurnalistləri həbs edən ölkələrin reytinqində Türkiyə 47 jurnalistlə ikinci yerdədir. Ötən il bu ölkədə 68 jurnalist həbs olunmuşdu. Səudiyyə Ərəbistanı və Misirin hər birində 26 jurnalist dəmir barmaqlıqlar arxasındadır.

Bu il etirazların bürüdüyü İranda 11 jurnalist həbs olunub, hesabatda deyilir.

İqtisadi məsələlər üzrə tanınmış reportyor Məhəmməd Mosaed internet kəsiləndə tvit atandan sonra həbs edilib. Noyabrın 15-də yanacağın bahalanmasına etiraz aksiyaları vaxtı hakimiyyət interneti bağlayıb və ölkədən xəbərlərin ötürülməsini önləyib.

Ümumilikdə isə bu il dünyada azı 250 jurnalist həbsdə olub. Ötən il onların sayı 255 idi, yəni, azalma var. ​

CPJ-nin məlumatına görə, Rusiyada 7 jurnalist həbsdədir, onlardan dördü ilhaq olunmuş Krımda işlədiyinə görə həbs olunub.

Bu il Yaxın Şərqdə “avtoritarizm, qeyri-sabitlik və etirazlar” daha artıq jurnalistin həbsə atılması ilə nəticələnib.

Dünyada həbsdə olan jurnalistlərin 8 faizə yaxını qadınlardır, ötən il bu göstərici 13 faiz idi.

Jurnalistlərin həbs olunmasına əsasən siyasət, insan haqları və korrupsiya mövzuları səbəb olub, qurum bildirir.

Hesabata daha öncə buraxılan, yaxud silahlı qruplaşmaların ələ keçirdiyi jurnalistlər salınmayıb.

XS
SM
MD
LG