Accessibility links

Jurnalistləri Müdafiə Komitəsi Polad Aslanovu azad etməyə çağırıb


CPJ
CPJ

Mərkəzi qərargahı Nyu-Yorkda yerləşən Jurnalistləri Müdafiə Komitəsi (JMK) Azərbaycan məhkəməsinin jurnalist Polad Aslanov barəsində ittiham hökmü çıxarmasını pisləyən bəyanatla çıxış edib.

JMK-nin bəyanatında deyilir ki, Azərbaycanın paytaxtında Ağır Cinayətlər Məhkəməsi Xeberman,com və Press.az xəbər saytlarının redaktoru Polad Aslanovu dövlətə xəyanət ittihamı ilə 16 il müddətinə azadlıqdan məhrum edib.

“Azərbaycan hakimiyyəti Polad Aslanovu dərhal azad etməlidir və onun apellyasiyasını təmin etməlidir.Tənqidçi jurnalisti saxta ittihamlarla həbs edən Azərbaycan yalnız Avrasiyada əsas jurnalist həbsxanalarından biri kimi mövqeyini möhkəmləndirir,” JMK-nin Avropa və Mərkəzi Asiya üzrə proqram koordinatoru Gülnoza Said bildirib.

Onun həyat yoldaşı JMK-yə bildirib ki, qapalı keçirilən məhkəmədə Aslanov ittihamları təkzib edib, barəsindəki hökmün dövlət orqanlarında korrupsiya haqqında reportajlarına görə qisas olduğunu qeyd edib.

Azərbaycan hakimiyyəti Aslanovun peşə fəaliyyətinə görə təqib edilməsi haqqında iddiaları təkzib edir və cinayət işlərini təqsirləndirilən şəxslərin konkret cinahətlərlər törətməsi ilə əlaqələndirir.

ABŞ Dövlət Departamentinin demokratiya, insan hüquqları və əmək məsələləri bürosunun noyabrın 2-də yaydığı bəyanatda bildirilir.

“Biz Azərbaycan hakimiyyətindən 2019-cu ilin iyunundan bu yana Dövlət Təhlükəsizliyi Xidmətindəki korrupsiyanı ifşa etdikdən sonra tutulan Polad Aslanov da daxil olmaqla, əsas azadlıqlardan istifadə etdiyinə görə həbs edilən bütün jurnalistləri sərbəst buraxmağa çağırırıq".

Dövlət Təhlükəsizliyi Xidmətinin məlumatına görə, Xeberman.com saytının təsisçisi və baş redaktoru Polad Aslanov Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunur. Açıqlamada onun xarici xüsusi xidmət orqanlarının əməkdaşlarından aldığı tapşırıqlar əsasında Azərbaycanın dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə istifadə etməkdən ötrü topladığı məlumatları həmin orqanlara ötürdüyü bildirilir.

Polad Aslanova qarşı irəli sürülmüş ikinci ittihamda - Cinayət Məcəlləsinin 134-cü (öldürməklə hədələmə) maddəsində 2 min manata qədər cərimə, 2 ilədək islah işləri və bu müddətdə həbs nəzərdə tutulub. O, saytlardan birinin əməkdaşı Dəyanət Babayevi hədələməkdə təqsirləndirilir. Məhkəmə bu ittihamı jurnalistin üzərindən götürüb.

Polad Aslanov ittihamların heç birini qəbul etmir və həbsinin jurnalist fəaliyyəti ilə bağlı olduğunu bildirib.

XS
SM
MD
LG