Accessibility links

Jurnalistlərin ailə üzvləri diplomatik korpusların binaları qarşısında etiraz aksiyası keçirib


Fevralın 12-da siyasi məhbus kimi tanınan jurnalistlərin ailə üzvləri Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin, Almaniya və Niderland səfirliklərinin binaları qarşısında etiraz aksiyaları keçirib.

Aksiyada xeberman.com saytının baş redaktoru Polad Aslanov, Azel.TV saytının rəhbəri Əfqan Sadıqovun ailə üzvləri iştirak edib.

Etirazçılar bütün siyasi məhbuslara azadlıq və bəraət yazılmış bannerlər, jurnalistlər Polad Aslanov və Əfqan Sadıqovun fotolarını qaldırıb.

Aksiyaya polis müdaxilə etməyə cəhd etsə də insident baş verməyib. Əfqan Sadıqovun həyat yoldaşı Sevinc Sadıqova Amerikanın Səsinə bildirib ki, polislər aksiyanı işıqlandıran jurnalistə mane olmağa çalışıb, onun avtomobilinin dövlət nömrə nişanının fotosunu çəkib.

Əfqan Sadıqov 30 kiloqramdan çox çəki itirib. Sadəcə sistem vurmaqla ölməyə qoymurlar.
Sevinc Sadıqova, jurnalistin həyat yoldaşı

Polad Aslanov və Əfqan Sadıqovun həyat yoldaşları hər iki jurnalistin aclıq aksiyası keçirdiklərini və səhhətlərində problemlər olduğunu xatırladıb.

Onlar habelə vurğulayıblar ki, Əfqan Sadıqov 100 gündən çoxdur, Polad Aslanov isə 13 gündür həbslərinə etiraz olaraq aclıq aksiyası keçirir.

“Əfqan Sadıqov artıq güclü ağrılar içərisində qıvrılır. O yata bilmir, yalnız güclü təsiredici dərmanlar qəbul etdikdən sonra sutkada bir neçə saat yuxulaya bilir. Mədəsində, böyrəklərində kəskin ağrılar var. Əlil arabasında hərəkət edir. 30 kiloqramdan çox çəki itirib. Sadəcə sistem vurmaqla ölməyə qoymurlar,” Sevinc Sadıqova Amerikanın Səsinə deyib.

Polad Aslanov bu gün həyat yoldaşı Gülmirə Aslanova ilə telefonla danışıb.

“Polad zəng etmişdi. Dedi ki, ağrıları çoxdur. Güclü baş ağrıları var, mədəsində və böyrəklərində çox güclü ağrılar var. Bu günədək Ombudsman Aparatından başqa aidyyatı üzrə heç bir qurum ona baş çəkməyib. O sanitar-tibb hissəyə köçürülməyib, digər yoldaşı ilə eyni kamerada saxlanılır. Sabah onunla görüşəcəm,” Gülmirə Aslanova Amerikanın Səsinə müsahibəsində bildirib.

Penitensiar Xidmətdən hələ Polad Aslanov və Əfqan Sadıqovla bağlı hər hansı məlumat almaq mümkün olmayıb.

Bakı Ağır Cinayətlər Məhkəməsi hakim Faiq Qəniyevin sədrliyi ilə 2020-ci il noyabrın 16-da Polad Aslanovu 16 il azadlıqdan məhrum edib.

Dövlət Təhlükəsizliyi Xidmətinin məlumatına görə, Polad Aslanov Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunur.

Açıqlamada onun xarici xüsusi xidmət orqanlarının əməkdaşlarından aldığı tapşırıqlar əsasında Azərbaycanın dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə istifadə etməkdən ötrü topladığı məlumatları həmin orqanlara ötürdüyü bildirilir.

Əfqan Sadıqov və Polad Aslanovun ailə üzvləri aksiya keçirir
Əfqan Sadıqov və Polad Aslanovun ailə üzvləri aksiya keçirir

Polad Aslanov məhkəmədə ittihamı qəbul etmədiyini və həbsinin jurnalist fəaliyyəti ilə bağlı olduğunu bildirib.

ABŞ Dövlət Departamentinin demokratiya, insan hüquqları və əmək məsələləri bürosunun ötən il noyabrın 2-də yaydığı bəyanatda Azərbaycan hakimiyyəti 2019-cu ilin iyunundan bəri Dövlət Təhlükəsizliyi Xidmətindəki korrupsiyanı ifşa etdikdən sonra tutulan Polad Aslanov da daxil olmaqla, əsas azadlıqlardan istifadə etdiyinə görə həbs edilən bütün jurnalistləri sərbəst buraxmasına çağırılıb.

“Sərhədsiz Reportyorlar” beynəlxalq hüquq müdafiə təşkilatı Azərbaycan hakimiyyətini jurnalist Polad Aslanovla qeyri-insani rəftara son qoymağa, ona tibbi yardım göstərməyə və fevralın 15-də Bakı Apellyasiya Məhkəməsində ədalətli təhqiqatı təmin etməyə çağırıb.

2021-ci il fevralın 1-də Polad Aslanovun apellyasiya şikayətinə baxış başlayıb.

Jurnalist məhkəmədə prosesin obyektivliyinin təmin edilməsini tələb edərək, aclıq elan edib.

Əfqan Sadıqov 2020-ci il mayın 13-də saxlanılıb və Bakının Binəqədi Rayon Məhkəməsi onun barəsində həbs qətimkan tədbiri seçib.

Polad Aslanovun güclü baş ağrıları var, mədəsində və böyrəklərində çox güclü ağrılar var.
Gülmirə Aslanova, jurnalistin həyat yoldaşı

İstintaqın iddiasına görə, Sadıqov xeberfakt.az nəşrinin redaktoru Sakit Muradovla birlikdə 10,000 manat rüşvət alarkən saxlanılıb. Bu zaman Muradovu həbs etməyiblər.

Noyabrın 3-də Bakı Ağır Cinayətlər Məhkəməsi Azel.tv saytının redaktorunu hədələmə yolu ilə pul tələb etmə ittihamı ilə günahkar sayaraq yeddi il müddətinə azadlıqdan məhrum edib.

2021-ci il yanvarın 28-də Sumqayıt Apellyasiya Məhkəməsi Əfqan Sadıqov barəsində verilən hökmü qismən dəyişib, 7 il həbs cəzasını 6 ilə endirib.

“Mən məhkəmənin hökmünü ədalətsiz hesab edirəm. Ortada heç bir hədə-qorxu, şantaj xarakterli yazı yoxdur,” jurnalist məhkəmədə deyib.

Əfqan Sadıqov həbsindən öncə “Taxtakörpüdə gizlədilmiş cinayət hadisəsi“ adlı məqalə ilə çıxış edib. Məqalədə Taxtakörpü qəsəbəsində kimsəsiz və köməksiz olan iki qadına qarşı (onlardan biri azyaşlıdır) cinsi zorakılıqdan bəhs edilir. Jurnalist qadınlara qarşı zorakılığın araşdırılmamasından narahatlığını bildirib. O həmin məlumatı YouTube kanalı vasitəsilə də diqqətə çatdırıb.

Sadıqov həmçinin narkotik qaçaqmalçılığında əli olduğunu iddia etdiyi bir qrup şəxs və Sumqayıt şəhər İcra Hakimiyyətinin vəzifəli şəxsləri barədə də tənqidi məqalələrlə çıxış edib.

“Yüksək vəzifəli bir neçə məmuru kəskin tənqid, ifşa etdiyim üçün sifarişin, tapşırıq, göstərişin haradan gəldiyini yaxşı bilirik,” Sadıqov həbsindən öncə Facebook səhifəsində yazıb.

Bir çox yerli və beynəlxalq hüquq müdafiə təşkilatları, o cümlədən Jurnalistləri Müdafiə Komitəsi Azərbaycan hökumətini jurnalistin dərhal azadlığa buraxılmasına çağıran bəyanatlarla çıxış edib.

XS
SM
MD
LG