Accessibility links

“Jurnalist 65 gündür aclıq edir, hər an ölə bilər” – həyat yoldaşı deyib


Əfqan Sadıqov
Əfqan Sadıqov

Azel TV saytının həbsdə olan rəhbəri Əfqan Sadıqov 65-ci gündür aclıq edir. Jurnalist Ədliyyə Nazirliyinin Müalicə Müəsissəsinə yerləşdirilib və həkim nəzarətindədir.

Sadıqovun həyat yoldaşı Sevinc Sadıqova Amerikanın Səsinə müsahibəsində deyib ki, jurnalistin durumu çox ağırdır və hər an komaya düşüb ölə bilər.

“Əfqan Sadıqov yarımcan vəziyyətindədir. Səhhəti ötən il dekabrın 26-da həddindən artıq pisləşib və ona qidalandırıcı sistem qoşulub. Dünən Əfqanla telefonla danışmışam. Onun səhhəti çox ağırdır. Həkim hər an komaya düşəcəyindən ehtiyat edir. Buna baxmayaraq jurnalisti koronavirus bəhanəsi ilə Penitensiar Xidmətin infeksiyaya yoluxan məhbuslar üçün ayrılmış vərəm dispanserinə göndərə bilərlər. Əfqan Sadıqovun hazırda olduğu Ədliyyə Nazirliyinin Müalicə Müəsissəsindəki palataya daha iki məhbus yerləşdiriblər. Dünən onlardan koronavirus testi üçün nümunələr götürüblər. Əfqan Sadıqovdan da test üçün numunə götürüblər. Ailəmiz Müalicə Müəsissəsinin jurnalistin ölümünə cavabdeh olmamalı üçün onu koronavirus bəhanəsi ilə buradan köçürəcəyindən ehtiyat edir. Əgər, bu baş verərsə, deməli jurnalisti öldürmək üçün edirlər. Beləliklə, önun ölümünü əsaslandırmaq üçün səbəb yaradırlar. Həyat yoldaşımda koronavirus əlamətləri yoxdur. O öskürmür, istiliyi yoxdur,” Sadıqova qeyd edib.

Bu fikirlərə Ədliyyə Nazirliyinin Müalicə Müəssisəsindən şərh alamq mümkün olmayıb, çünki telefonlara cavab vermirlər.

Ombudsman Aparatından bir müddət əvvəl bildiriblər ki, Ombudsmanın tapşırığı ilə Əfqan Sadıqovun səhhəti diqqət mərkəzindədir.

"Dekabrın 28-də Penitensiar Xidmətin Müalicə Müəssisəsi ilə əlaqə saxladıq. Bizə dedilər ki, Əfqan Sadıqovun səhhəti tam nəzarətdədir. Əvvəlki kimi qida qəbulundan imtina edir," Ombudsman Aparatından bildiriblər.

Dekabrın 25-də Sumqayıt Apellyasiya Məhkəməsində hakim Məhəmmədəli Rzayevin sədrliyi ilə Sadıqovun şikayətinə ilkin baxış olub.

Vəkil Elçin Sadıqov bildirib ki, həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi barədə vəsatətini məhkəmə təmin etməyib.

Vəkilin sözlərinə görə, səhhəti ilə bağlı jurnalist məhkəmə prosesində iştirak edə bilməyib. İnternet əlaqəsi olmadığından Əfqan Sadıqov məhkəməyə onlayn formatında da qoşula bilməyib.

Məhkəmə baxışı yanvarın 21-nə təyin edilib.

Əfqan Sadıqov mayın 13-də saxlanılıb və Bakının Binəqədi Rayon Məhkəməsi onun barəsində həbs qətimkan tədbiri seçib.

İstintaqın iddiasına görə, Sadıqov xeberfakt.az nəşrinin redaktoru Sakit Muradovla birlikdə 10,000 manat rüşvət alarkən saxlanılıb. Bu zaman Muradovu həbs etməyiblər.

Noyabrın 3-də Bakı Ağır Cinayətlər Məhkəməsi Azel.tv saytının redaktorunu hədələmə yolu ilə pul tələb etmə ittihamı ilə günahkar sayaraq, yeddi il müddətinə azadlıqdan məhrum edib.

“Mən məhkəmənin hökmünü ədalətsiz hesab edirəm. Ortada heç bir hədə-qorxu, şantaj xarakterli yazı yoxdur. Bu səbəbdən aclığa başlayıram. Ədalət bərpa edilməsə aclığın 20-ci günündən sonra quru aclığa keçəcəm,” jurnalist məhkəmədə deyib.

O həmin vaxtdan saxlanıldığı 1 saylı İstintaq Təcridxanasında aclığa başlayıb. Hazırda jutrnalist Ədliyyə Nazirliyinin Müalicə Müəssisəsində həkim nəzarətindədir.

Həyat yoldaşının dediyinə görə, Sadıqov hazırda yeriyə bilmir, 30 kiloqramadək çəki itirib, böyrəklərində problemlər yaranıb, beyninin qanla qidalanmasında çətinliklər var.

Əfqan Sadıqov həbsindən öncə “Taxtakörpüdə gizlədilmiş cinayət hadisəsi“ adlı məqalə ilə çıxış edib. Məqalədə Taxtakörpü qəsəbəsində kimsəsiz və köməksiz olan iki qadına qarşı (onlardan biri azyaşlıdır) cinsi zorakılıqdan bəhs edilir. Jurnalist qadınlara qarşı zorakılığın araşdırılmamasından narahatlığını bildirib. O həmin məlumatı YouTube kanalı vasitəsilə də diqqətə çatdırıb.

Sadıqov həmçinin narkotik qaçaqmalçılığında əli olduğunu iddia etdiyi bir qrup şəxs və Sumqayıt şəhər İcra Hakimiyyətinin vəzifəli şəxsləri barədə də tənqidi məqalələrlə çıxış edib.

“Yüksək vəzifəli bir neçə məmuru kəskin tənqid, ifşa etdiyim üçün sifarişin, tapşırıq, göstərişin haradan gəldiyini yaxşı bilirik,” Sadıqov həbsindən öncə Facebook səhifəsində yazıb.

Bir çox yerli və beynəlxalq hüquq müdafiə təşkilatları, o cümlədən Jurnalistləri Müdafiə Komitəsi Azərbaycan hökumətini jurnalistin dərhal azadlığa buraxılmasına çağıran bəyanatlarla çıxış edib.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG