Aprelin 30-da Ermənistanin sabiq prezidenti Robert Köçəryana qarşı külli miqdarda (3 milyon dollar dəyərində) rüşvət alma ittihamı irəli sürülüb. Bunu ölkənin Baş Prokurorluğu bildirib.
"Köçəryan Silva Ambartsumyanın şirkətinə mədən lisenziyası vermək üçün sahibkardan 3 milyon dollar rüşvət alıb ", ittihamnamədə deyilir.
Ermənistanın ikinci prezidenti olmuş Robert Köçəryan ölkəni 1998-ci ilin martin 30-dan 2008-ci ilin aprelin 9-a qədər idarə edib. O, artıq 2008-ci ildə Konstitusiya quruluşunu devirmək ittihamı ilə həbsdədir. Daha öncə rüşvət ittihamı irəli sürülsə də, bu ittiham konkretləşdirilməmişdir.
2008-ci ilin martında Serj Sarkisyanın qələbə əldə etdiyi prezident seçkilərindən sonra Ermənistanda kütləvi etriaz aksiyaları başlayıb. Etirazçıların hüquq-mühafizə orqanları ilə qarşıdurması zamanı səkkiz nümayişçi və iki polis məmuru öldürülüb, 200-dən çox insan yaralanıb.
Bundan öncə Köçəryan üç həftəlik fövqəladə vəziyyət elan etmişdi.
64 yaşlı eks-prezident deyir ki, ittihamlar indiki baş nazir Nikol Paşinyanın ona qarşı siyasi “intiqamı”dır.
Paşinyan 2008-ci il etirazlarında əsas rol oynamış, sonradan iki il həbs cəzası çəkmişdi. O, Köçəryana qarşı cinayət işini müdafiə edir, onu təşkil etməsi iddialarını rədd edir.
Sabiq prezident Köçəryanın oğlu da həbs olunub, o, vergidən yayınma və pul yuyulması ilə bağlı ittiham olunub.