Accessibility links

Kəlbəcər rayonu və aprel döyüşləri ilə bağlı rəsmi bəyanat


Azərbaycan Xarici İşlər Nazirliyi Azərbaycanın Kəlbəcər rayonunun (Bakıdan 446 kilometr qərb) ermənilərin nəzarətinə keçməsinin 26-cı ili ilə bağlı bəyanatla çıxış edib

Sənəddə deyilir ki, 1993-cü il aprelin 2-də “Azərbaycanın Kəlbəcər rayonu Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub.”

“İşğal nəticəsində 60.000-nə qədər Kəlbəcər sakini etnik təmizləməyə məruz qalaraq öz doğma torpaqlarından didərgin salınıb, 511 dinc sakin öldürülüb, 321 nəfər əsir götürülüb və itkin düşüb. Hal-hazırda sayı 70.000-ni ötən Kəlbəcər sakini Azərbaycanın müxtəlif bölgələrində məcburi köçkün vəziyyətində yaşayır”, nazirlik bildirir.

Kəlbəcər əhalisi evlərini tərk edir
Kəlbəcər əhalisi evlərini tərk edir

Bəyanatda deyilir ki, “Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonu ərazisində qanunsuz məskunlaşdırma aparılır və demoqrafik tərkib dəyişdirilir.”

“BMT Təhlükəsizlik Şurasının sədrinin 6 aprel 1993-cü il tarixli bəyanatının ardınca BMT TŞ Azərbaycanın Kəlbəcər rayonunun işğalı ilə əlaqədar 822 saylı qətnamə qəbul etdi. Qətnamədə BMT TŞ ərazi əldə edilməsi üçün gücdən istifadənin qəbuledilməzliyini vurğulayaraq, işğalçı qüvvələrin dərhal işğal olunmuş Kəlbəcər və digər rayonlardan çıxarılmasını tələb etdi. Bu qətnamənin qəbulundan sonra ATƏT-in Minsk Qrupu Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması üçün “təcili tədbirlər haqqında vaxt cədvəli” hazırladı. Ermənistan bu günədək BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin tələblərinə əməl etmir,” sənəddə qeyd edilir.

Azərbaycan Xarici İşlər Nazirliyi bəyanatında 2 aprel 2016-cı ildə hərbi əməliyyatların yenidən bərpa olunmasına da toxunub.

Davamlı və uzunmüddətli sülhə nail olunmasının yeganə yolu Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən qeyd-şərtsiz və tamamilə çıxarılması, məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtmaları üçün ayrılmaz hüquqlarının təmin edilməsidir.
Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatı

“Ermənistanın Azərbaycan ərazilərinin işğalını davam etdirməsi və Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində mövcudluğu regionda sülh və təhlükəsizlik üçün başlıca təhdiddir. Ermənistanın hücumlarına cavab olaraq, Azərbaycan Silahlı Qüvvələrinin əks-həmlə tədbirləri nəticəsində mülki Azərbaycan əhalisinin təhlükəsizliyi təmin edildi və strateji əhəmiyyət daşıyan Azərbaycan əraziləri işğaldan azad edildi. Ermənistan dərk etməlidir ki, Kəlbəcər də daxil olmaqla, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı müvəqqəti xarakter daşıyır. Davamlı və uzunmüddətli sülhə nail olunmasının yeganə yolu Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən qeyd-şərtsiz və tamamilə çıxarılması, məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtmaları üçün ayrılmaz hüquqlarının təmin edilməsidir,” Azərbaycan Xarici İşlər Nazirliyi qeyd edir.

Bu gün Azərbaycan prezidenti İlham Əliyev 2016-cı il aprelin 2-də cəbhədə hərbi əməliyyatların bərpa edildiyi gündə Müdafiə Nazirliyinin aprel döyüşlərində iştirak etmiş Xüsusi Təyinatlı Qüvvələrinin həbi hissəsində olub.

İlham Əliyev xüsusi təyinatlıların hərbi hissəsində
İlham Əliyev xüsusi təyinatlıların hərbi hissəsində

Aprelin 2-də hərbi əmliyyatların bərpa edildiyi gündə Ermənistanın baş naziri Nikol Paşinyan da döyüşlərdə öldürülmüş hərbçilərin abidəsini ziyarət edib.

O bildirib ki, münaqişə ilə bağlı danışıqlar prosesi davam etdirlməlidir.

“Həm də başa düşməliyik ki, nə qədər ki, münaqişə nizamlanmayıb, biz dövlət və xalq olaraq hadisələrin istənilən inkişafına hazır olamalıyıq.”

Baş nazir Ermənistanın müdafiə naziri David Tonoyanın Nyu-Yorkda erməni diasporu ilə görüşündə dediyi “ərazilər əvəzində sülh” prinsipindən “yeni ərazilər uğrunda yeni müharibə” prinsipinə keçidlə bağlı bəyanatına da münasibət bildirib.

Nikol Paşinyan hərbçilərin abidəsi önündə (Foto news.am saytından götürülüb)
Nikol Paşinyan hərbçilərin abidəsi önündə (Foto news.am saytından götürülüb)

“Tonoyan deyib ki, əgər müharibə olsa, bu halda biz bu müharibədə qələbə üçün çalışacağıq. Əgər müdafiə naziri başqa cür düşünsə idi, o halda bu vəzifəni tutumamalı idi. Bu heç bir halda sülh prosesinə kölgə salmır, əksinə bu prosesi gücləndirir,” Paşinyan qeyd edib.

Kəlbəcər rayonu 8 avqust 1930-cu ildə inzibati rayon statusu alıb. Rayon ərazisi 2 aprel 1993-cü ildə ermənilərin nəzarətinə keçib.

Dövlət Statistika Komitəsinuin məlumatına görə, 2016-cı ilin əvvəlinə Kəlbəcərin əhalisi 89,8 min nəfər olub. Rayonun əhalisi əsasən Bakı, Gəncə, Mingəçevir şəhərlərində və ölkənin digər rayonlarında müvəqqəti məskunlaşıb.

Ermənistan-Azərbaycan münaqişəsinin tarixinə baxış

Ermənistan-Azərbaycan münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu ermənilərin nəzarətinə keçib.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Ermənistan və Azərbaycan arasında sülh danışıqları 1992-ci ildən ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa Minsk Qrupunun həmsədr dövlətləridir.

Dağlıq Qarabağ münaqişəsinin xəritəsi
Dağlıq Qarabağ münaqişəsinin xəritəsi

​2016-cı il aprelin 2-dən 5-dək hərbi əməliyyatlar yenidən bərpa olunub. Döyüşlərdə hər iki tərəf onlarla insan itirib. Aprelin 5-də Rusiya prezidenti Vladimir Putinin təşəbbüsü ilə Azərbaycan və Ermənistan hərbi əməliyyatları dayandırıb.

​Minsk Qrupunun həmsədr dövlətləri dəfələrlə hazırkı status-kvonun qəbuledilməz olduğunu bildirsə də danışıqlarda hər hansı irəliləyiş qeydə alınmayıb.

Nikol Paşinyan 2018-ci ilin mayında baş nazir olduqdan sonra Dağlıq Qarabağın danışıqlarda tərəf kimi iştirakı ilə bağlı bəyanatla çıxış edib. Bu bəyanat danışıqlar prosesində çətinliklər yaradıb.

Prinsiplərin və ya elementlərin birinin digərindən üstün tutulmasına yönəlmiş hər hansı cəhd balanslaşdırılmış sülhə nail olmağı imkansız edəcək.
ATƏT-in Minsk Qrupunun fəmsədrlərinin bəyanatı

2018-ci il sentyabrın 28-də prezident İlham Əliyev və baş nazir Nikol Paşinyan arasında MDB Dövlət Başçıları Şurasının Düşənbədə keçirilən görüşündə qeyri-rəsmi görüş olub. Bu görüş danışıqlara yeni impuls verib.

Belə ki, bundan sonra iki ölkə arasında danışıqlar prosesi bərpa edilib və hazırda davam etdirilir. Azərbaycan tərəfi nəticəli danışıqların vacibliyini bildirib.

2018-ci ilin dekabrın 6-da Sankt-Peterburqda MDB dövlət başçılarının qeyri-rəsmi sammiti çərçivəsində prezident İlham Əliyev və Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın söhbəti olub. Söhbət zamanı Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə fəal danışıqların davam etdirilməsi və atəşkəs rejiminin möhkəmləndirilməsi ətrafında müzakirələr aparılıb.

Bundan sonra iki ölkənin xarici işlər nazirləri 2018-ci il dekabrın 5-də Milanda, 2019-cu il yanvarın 16-da Parisdə görüşüb.

Yanvarın 22-də Davos Dünya İqtisadi Forumu çərçivəsində Azərbaycan prezidenti İlham Əliyevin və Ermənistan baş naziri Nikol Paşinyanın qeyri-rəsmi görüşü olub.

Dövlət başçılarının görüşündən sonra ATƏT-in Minsk Qrupunun həmsərləri fevralın 20-dən 23-dək Ermənistanda və Azərbaycanda ölkə rəhbərləri ilə görüşlər keçirib.

Bundan sonra ATƏT-in Minsk Qrupunun həmsədrləri Endryu Şofer (ABŞ), Stefan Viskonti (Fransa) və İqor Popov (Rusiya) Azərbaycan və Ermənistan liderlərinin gözlənilən görüşünə dair martın 9-da bəyanat yayıb.

Həmsədrlər bəyan edib ki, münaqişənin ədalətli və davamlı həlli Helsinki Yekun Aktının əsas prinsipləri - xüsusən də gücdən istifadə etməklə təhdid etməmək, ərazi bütövlüyü, bərabər hüquqluluq, xalqların öz müqəddəratını təyin etməsi üzərində qurulmalıdır.

Dağlıq Qarabağdan görüntülər (Foto - Sergey Ponomarev for The New York Times)
Dağlıq Qarabağdan görüntülər (Foto - Sergey Ponomarev for The New York Times)

“Bu, həmçinin 2009-2012-ci illərdə həmsədr ölkələrin prezidentləri tərəfindən təklif edilən əlavə elementləri də ehtiva etməlidir: Dağlıq Qarabağ ətrafındakı ərazilərin Azərbaycanın nəzarətinə qaytarılması, Dağlıq Qarabağa təhlükəsizliyi və özünüidarəetməni təmin edən müvəqqəti statusun verilməsi, Ermənistanı Dağlıq Qarabağla birləşdirən dəhliz, Dağlıq Qarabağın yekun hüquqi statusunun müəyyən edilməsi, qaçqınların və məcburi köçkünlərin öz yaşayış yerlərinə qayıtma hüququnun və sülhməramlı əməliyyatların daxil olduğu beynəlxalq təhlükəsizliyin təmin edilməsi.”

Həmsədrlər hesab edir ki, bu prinsiplər və elementlər münaqişənin ədalətli və davamlı həlli üçün bünövrə kimi qəbul edilməlidir.

“Prinsiplərin və ya elementlərin birinin digərindən üstün tutulmasına yönəlmiş hər hansı cəhd balanslaşdırılmış sülhə nail olmağı imkansız edəcək,” sənəddə qeyd edilir.

Martın 29-da prezident İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın Vyanada keçirilən görüşündə Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı məsələ müzakirə edilib.

ATƏT-in Minsk Qrupunun həmsədrlərinin, Azərbaycan və Ermənistan Xarici İşlər Nazirlətinin birgə bəyanatında deyilir ki, görüş müsbət və konstruktiv şəraitdə keçib, hər iki liderin öz mövqelərinə aydınlıq gətirmək üçün imkan yaranıb.

“Prezident və baş nazir tənzimləmə prosesinin bir sıra vacib məsələləri və substantiv ideyalar üzrə fikir mübadiləsi aparıb. Onlar sülh üçün əlverişli mühitin yaradılmasının və münaqişənin sülh yolu ilə həllinin tapılması üzrə danışıqlar prosesində konkret və tutarlı addımların atılmasının vacibliyini vurğulayıb.”

Azərbaycan və Ermənistan liderləri öz ölkələrinin nazirlərinə yaxın gələcəkdə görüşmək barədə tapşırıq verib.

XS
SM
MD
LG