Accessibility links

Kəlbəcər rayonunun qaytarılması davam edir


Kəlbəcər rayonu

Noyabrın 25-dən Rusiya sülhməramlı qüvvələrinin nəzarəti altında Rusiya və Azərbaycan Prezidentlərinin, Ermənistan Baş nazirinin üçtərəfli bəyanatına uyğun olaraq Kəlbəcər rayonunun Azərbaycan tərəfinə təhvil verilməsinə başlanılıb.

Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Buna baxmayaraq, bəzi media vasitələrində və sosial şəbəkələrdə Kəlbəcərin Söyüdlü (Ermənistan tərəfdə Zod) qızıl mədəni ərazisində baş verdiyi deyilən insidentlə bağlı məlumatlar və videolar yayılıb.

Rəsmi Bakı bununla bağlı hələlik münasibət bildirməyib.

Ermənistan Xarici İşlər Nazirliyinin Zod qızıl mədəni istiqamətində Azərbaycan hərbçilərinin iştirakı ilə baş verdiyi deyilən insidentə münasibətində bildirilir ki, noyabrın 27-də Ermənistan və Azərbaycan Silahlı Qüvvələri arasında döyüş növbətçiliyinin yerinə yetirilməsi üçün danışıqlar aparılıb və bu müddətdə müvəqqəti döyüş mövqelərinin quraşdırılması yerləri dəqiqləşdirilib.

"Delimitasiya və demarkasiya uzun və mürəkkəb bir prosesdir, dövlətlər arasında idarələrarası komissiyalar və işçi qrupları tərəfindən danışıqlar əsasında həyata keçirilir və nəticədə müvafiq beynəlxalq sənəd imzalanır," Ermənistan Xarici İşlər Nazirliyi bildirir.

Ermənistan Müdafiə Nazirliyi isə bildirib ki, Ermənistan, Rusiya və Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələrinin Ermənistan-Azərbaycan sərhədində xüsusi vasitələrdən (GPS) istifadə edərək demarkasiya işlərinə başlanılıb.

Bu arada, noyabrın 26-da Ermənistanın baş naziri Nikol Paşinyanla Rusiya prezidenti Vladimir Putin arasında bir saatda iki dəfə telefon danışğı olub, Qarabağdakı vəziyyət müzakirə edilib.

Paşinyan müzakirələrin detallarına toxunmasa da, Facebook hesabında yazıb ki, bu cür müzakirələr müntəzəm xarakter daşıyır və bəzən gündə bir neçə dəfə aparılır. Ermənistanın baş naziri qeyd edib ki, işin xarakteri və tezliyi nəzərə alınmaqla bu müzakirələr barədə rəsmi hesabatlar həmişə yayılmır.

Azərbaycanın Ermənistanla 787 kilometr uzunluğunda sərhədi var. Onun 170 kilometrə qədəri Kəlbəcər ərazisindədir. Tarixi məlumatlara görə, Azərbaycan və Ermənistan sərhədləri 1919-cu ildə dövlətlərarası komissiya tərəfindən razılaşdırılıb. Həmin sərhəd mərzlərinin bəzi hissələri Sovet dövründə qismən dəyişdirilsə də, ümumilikdə sərhəd məsələlərində insident yaradacaq məqamlar olmayıb.

Azərbaycan və Ermənistan Silahlı Qüvvələri arasında sentyabrın 27-də hərbi əməliyyatlar başlayıb. Azərbaycan Ordusu noyabrın 10-dək beynəlxalq tanınmış sərhədləri daxilində üç yüzdən çox yaşayış məntəqəsini, o cümlədən 5 rayonu, həmçinin Şuşa şəhərini azad etdikdən sonra üçtərəfli bəyanat imzalanıb.

Razılışmaya əsasən Ermənistan noyabrın 25-dək Kəlbəcər rayonunu, noyabrın 20-dək Ağdam rayonu və Qazax rayonunun ərazisindəki kəndləri, dekabrın 1-dək isə Laçın rayonunu qaytarmaq öhdəliyi götürüb. Artıq Ağdam rayonu Azərbaycana qaytarılıb və Kəlbəcər rayonunun qaytarılması davam edir.

Rusiya sülhməramlıları Xankəndidə dinc həyatın bərpası üçün işlərini davam etdirib. Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, bu gün şəhərin elektrik və qaz təchizatı 95-97 faiz bərpa edilib. Şəhər elektrik yarımstansiyasının işi bərpa edilib.

Rusiya Müdafiə Nazirliyinin Beynəlxalq Ərazilərinin Minalardan Təmizlənməsi Mərkəzinin hərbi qulluqçuları Xankəndində yaxın vaxtlarda tədris prosesinin bərpa ediləcəyi iki məktəbin binaları da daxil olmaqla, partlayıcı maddələrdən təmizlənmə, təmir və bərpa işləri ilə bağlı araşdırmalara başlayıb.

Nazirliyin məlumatında deyilir ki, mərkəzin mütəxəssisləri Stepanakertin (Xankəndi) cənub hissəsində uzunluğu 1,5 kilometrdən çox olan yolun bir hissəsindən mühəndis kəşfiyyatı və partlayıcı maddələrin təmizlənməsi işləri aparıb.

Gün ərzində 87 ədəd partlayıcı maddə tapılıb ki, bunlar xüsusi təchiz edilmiş poliqona aparılaraq məhv edilib.

Ümumilikdə, Dağlıq Qarabağda aparılan sülhməramlı əməliyyat zamanı mühəndis bölmələri iki hektardan çox ərazini və üç kilometrə yaxın yolu təmizləyib, 144 partlayıcı obyekt aşkar edərək zərərsizləşdirib.

XS
SM
MD
LG