Accessibility links

Kərim Süleymanov: Bizi 5 saat döydülər


Kərim Süleymanov

“İyunun 8-də səhər-səhər məni Yasamal rayon Polis İdarəsinin 29-cu Polis Bölməsinə apardılar. 30 nəfər 5 saat məni döydü. Ağ ciyərimdən cərahiyyə əməliyyatı olunmuşam. 2009-2010-cu illərdə hərbi xidmətdə olmuşam. Milli Qəhrəman Mübariz İbrahimli ilə birgə xidmət etmişik. Döyüşlərdə iştirak etmişəm. Bunları deyə-deyə onlar məni 5 saat döyüb. İnsanı belə döyməzlər.”

İyunun 8-də səhər saatlarında Çevik Polis Alayının əməkdaşlarının Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsindəki binada saxladığı Kərim Süleymanov jurnalistlərə bildirib.

Onun sözlərinə görə, binanın 11 nəfər sakini, o cümlədən qardaşı Elvin Süleymanov polislər tərəfindən saxlanılıb və onların hamısı işgəncəyə məruz qoyulub.

Kərim Süleymanov iyunun 8-də Yasamal rayon Məhkəməsi tərəfindən 15 sutka inzibati həbsə məhkum edilib. Bu gün isə xəstəliyi ilə əlaqədar sərbəst buraxılıb.

O, jurnalistlərə işgəncələrdən sonra gözlərinin altında yaranmış qançırları göstərib.

“Mən cənab daxili işlər nazirindən, prezidentdən, birinci vitse-prezidentdən xahiş ediərm ki, bu işə baxılsın. İnsanı belə döyməzlər. Mən xəstə bir insanam. Sağ olsun cənab prezident mənə ayda 190 manat verir. Mən Azərbaycanda yaşayıram, müstəqil olmaq istəyirəm. Mənimlə birgə saxlanılan 11 nəfərin hamısı döyülüb. Mən dəfələrlə dedim ki, ağ ciyərlərimin üzərindən vurmasınlar. Xəstəyəm, partlayar ölərəm. Dırnaqdan tutmuş başıma qədər təpik-yumruq, nə oldu vurdular. Yəni heyvan kimi döyürdülər,” o qeyd edib.

Süleymanov bildirib ki, dünən məhkəmə onu 15 sutka inzibati həbsə məhkum edib.

“Binəqədi saxlanma yeri (Daxili İşlər Nazirliyinin İnzibati Həbs Olunanların Saxlanması Məntəqəsi-red) məni qəbul etmədi. qızdırmam 37.7 idi. Qaytardılar polis bölməsinə və bu gün polis bölməsindən sərbəst buraxdılar.”

O bildirib ki, 29-cu Polis Bölməsinin rəisi Kərim Süleymanovdan üzr istəyib.

“Amma, anam üzrü qəbul etmir,” o deyib.

Sosial şəbəkələrdə polisin iyunun 7-də bir neçə gənci karantin qaydalarını pozarkən saxladıqları zamanı sakinlərin etiraz əlaməti olaraq zibilləri polislərin üzrəinə atması əks olunan videolar yayılıb.

İyunun 8-də səhər saatlarında Çevik Polis Alayının əməkdaşları Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsindəki binada yaşayan bir neçə nəfəri saxlayıb.

Polis adı çəkilən binanın bloklarına daxil olaraq sakinləri evlərindən zorla aparıb. Sosial şəbəkələrdə polislərin hərəkətləri əks olunmuş videolar da yayılıb. Videolarda polis vətəndaşın evinə basqın edərək onu çılpaq çəkildə zorla saxlayıb. Onkoloji xəstə olan digər vətəndaşı isə ayaqları yalın şəkildə saxlayıb. Polis əməkdaşlarından biri isə xanım Süleymanovanı və həyat yoldaşını kəskin ifadələrlə təhqir edib.

Polisin hərəkətləri sosial şəbəklərdə kəskin etirazlara, tənqid və təhqirlərlə səbəb olub.

Rəsmi məlumatda deyilir ki, polisin üstünə müxtəlif əşyalar atan 11 nəfərin şəxsiyyəti müəyyən edilib.

Saxlanılanlar arasında Elvin və Kərim Süleymanov qardaşları da olub.

Daxili İşlər Nazirliynin Mətbuat Xidməti bildirib ki, iyunun 7-də Yasamal rayonunda gücləndirilmiş karantin rejiminə nəzarəti həyata keçirən polis əməkdaşlarının üzərilərinə məişət əşyaları atanlar saxlanılarkən çəkilmiş videogörüntülər araşdırılmış və bu zaman əməkdaşlardan birinin bir qadınla yüksək səs tonunda danışaraq onun həyat yoldaşının ünvanına yersiz ifadələr işlətməsi müəyyən edilmişdir ki, bu da bağışlanmaz hal kimi qiymətləndirilmişdir.

“Həmin qadın Bakı Şəhər Baş Polis İdarəsinə dəvət edilmiş və ondan üzr istənilmişdir. Bundan sonra DİN rəhbərliyi tərəfindən həmin əməkdaşın tutduğu vəzifədən azad edilməsi və barəsində xidməti yoxlama aparılması haqqında qərar qəbul edilmişdir,” mətbuat xidməti qeyd edir.

Polis orqanları hələ işgəncələrlə bağlı deyilənlərə münasibət bildirməyib.

XS
SM
MD
LG