Accessibility links

Kərim Süleymanov işgəncələrlə bağlı prokurorluğa şikayət edəcək


Elvin Süleymanovun həbsi ilə bağlı məhkəmə qərarından iyunun 10-da apellyasiya şikayəti verəcəm.

Bu barədə vəkil Cavad Cavadov Amerikanın Səsinə bildirib.

Vəkil apellyasiya şikayətini bu gün Elvin Süleymanovla görüşüb müzakirə etdikdən sonra təqdim edəcəyini deyib.

Sosial şəbəkələrdə polisin iyunun 7-də bir neçə gənci karantin qaydalarını pozarkən saxladıqları zamanı sakinlərin etiraz əlaməti olaraq zibilləri polislərin üzərinə atması əks olunan videolar yayılıb.

İyunun 8-də səhər saatlarında Çevik Polis Alayının əməkdaşları Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsindəki binada yaşayan bir neçə nəfəri saxlayıb.

Polis adı çəkilən binanın bloklarına daxil olaraq sakinləri evlərindən zorla aparıb. Sosial şəbəkələrdə polislərin hərəkətləri əks olunmuş videolar yayılıb. Videolarda görünür ki, polis vətəndaşın evinə basqın edərək onu çılpaq şəkildə zorla saxlayıb. Onkoloji xəstə olan digər vətəndaşı isə ayaqları yalın şəkildə saxlayıb. Polis əməkdaşlarından biri Gülər Süleymanovanı və onun həyat yoldaşını kəskin ifadələrlə təhqir edib.

Polisin hərəkətləri sosial şəbəklərdə etirazlara, tənqid və təhqirlərlə səbəb olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti bildirib ki, iyunun 7-də Yasamal rayonunda gücləndirilmiş karantin rejiminə nəzarəti həyata keçirən polis əməkdaşlarının üzərilərinə məişət əşyaları atanlar saxlanılarkən çəkilmiş videogörüntülər araşdırılmış və bu zaman əməkdaşlardan birinin bir qadınla yüksək səs tonunda danışaraq onun həyat yoldaşının ünvanına yersiz ifadələr işlətməsi müəyyən edilmişdir ki, bu da bağışlanmaz hal kimi qiymətləndirilmişdir.

“Həmin qadın Bakı Şəhər Baş Polis İdarəsinə dəvət edilmiş və ondan üzr istənilmişdir. Bundan sonra DİN rəhbərliyi tərəfindən həmin əməkdaşın tutduğu vəzifədən azad edilməsi və barəsində xidməti yoxlama aparılması haqqında qərar qəbul edilmişdir,” mətbuat xidməti qeyd edir.

Rəsmi məlumatda deyilir ki, polisin üstünə müxtəlif əşyalar atan 11 nəfərin şəxsiyyəti müəyyən edilib.

Onlar inzibati qaydada 15 sutkadan 30 sutkayadək həbsə məhkum edilib.

Saxlanılanlar arasında Gülər Süleymanovanın oğlanları Elvin və Kərim Süleymanov qardaşları da olub. Kərim Süleymanov iyunun 9-da xəstəliyi ilə əlaqədar sərbəst buraxılıb. O, polis bölməsində 5 saat ərzində işgəncələrə məruz qaldığını, xəsarətlər aldığını bildirib.

Vəkil Cavadov Amerikanın Səsinə bildirib ki, ciddi xəsarətləri olan Kərim Süleymanovun bu gün, iyunun 10-da halı pisləşib. O, təcili yardım xidmətinə müraciət edib.

“Kərim dünən müayinədən keçib. Bu gün müayinələrin nəticəsi ilə bağlı tibbi rəyi aldıqdan sonra prokurorluğa şikayət edəcəyik,” vəkil qeyd edib.

O, Kərim Süleymanovun anasının polisin üzrxahlığını qəbul etməsə, yenidən həbs yerinə qaytarılacağı ilə bağlı yayılan məlumatların həqiqəti əks etdirmədiyini bildirib.

“Kərim Süleymanov xəstəliyi ilə əlaqədar həbsdən azad edilib. Ona hər hansı təkilif edilməyib. Anasının üzrxahlığı qəbul etməsinə gəlincə, o əvvəlcə iki öğlunu həbsdən buraxsalar üzrxahlığı qəbul edəcəyini demişdi. Lakin Kərimin xəsarətlərini görəndən sonra bu fikrindən daşınıb,” vəkil qeyd edib.

XS
SM
MD
LG