Əfqanıstan rəsmiləri bildirir ki, Kabildə avtomobildə yerləşdirilmiş bomba partlayışı və silahlı hücum nəticəsində azı 20 nəfər ölüb, 50 nəfər yaralanıb.
Rəsmilər Əfqan qüvvələrinin ən azı 85 nəfəri xilas etdiyini bildirib.
Rəsmilər və şahidlər bildiriblər ki, bir neçə silahlı intiharçı terrorçu Əfqanıstanda ölkənin keçmiş kəşfiyyat rəisi Əmrullah Salehin başçılıq etdiyi Yaşıl Trend (AGT) siyasi hərəkatın ofisinə hücum edib. Saleh eyni zamanda hazırkı prezident Əşrəf Qaninin ölkədə qarşıdan gələn seçkilərdə vitse-prezidentliyə namizədidir.
Hücum əvvəlcə hücumçulardan birinin partlayıcılarla dolu avtomobili partlatması və digər hücumçuların obyektə girməsinə şərait yaratması ilə başlayıb. Əfqanıstanın komandos qüvvələri təcavüzkarları zərərsizləşdirmək üçün tez zamanda ərazini mühasirəyə alıb.
Hadisə bazar günü Əfqanıstanda yeni prezident seçki kampaniyasının rəsmən başladığı zaman Qani və Salehin Kabildəki seçki mitinqində iştirak etməsindən bir neçə saat sonra baş verib.
Hücuma görə məsuliyyəti dərhal öz üzərinə götürən olmayıb. Son günlərdə Kabil həm Taliban, həm də İslam Dövləti qrupunun tərəfdarlarının məsuliyyəti öz üzərinə götürdüyü hücumlara səhnə olub.