Accessibility links

Kabildə bomba partlayışı nəticəsində 9 nəfər ölüb


Əfqanıstan təhlükəsizlik qüvvələrinin üzvləri Kabil şəhərində bomba hücumunun baş verdiyi yerdə araşdırma aparır, 20 dekabr, 2020.

Əfqanıstan rəsmiləri bazar günü Kabildə maşına yerləşdirilmilş bombanın partlaması nəticəsində doqquz nəfərin öldüyünü, 20 nəfərin yaralandığını bildirib.

Paytaxtda baş vermis bomba partlayışının hədəfi milli parlamentin üzvü Xan Məhəmməd Vardak olub. O, hücum zamanı sağ qalıb.

Daxili işlər naziri Məsud Andarabi hadisə yerinə getdikdən sonra müxbirlərə hücumun motivlərinin və hücumun intiharçı tərəfindən törədilib-törədilməsinin müəyyənləşdirilməsi üçün təhqiqatın aparıldığını bildirib.

Nə Taliban üsyançıları, nə də başqa bir silahlı qrup hücuma görə məsuliyyəti öz üzərinə götürməyib.

Bununla belə, Andarabi Talibana işarə edərək, “biz düşmənin kim olduğunu və onların planlarını bilirik” deyib.

Kabildə tanınmış iş adamı olan Vardak bu həftə ərzində hücuma məruz qalan ikinci qanunvericidir.

Dekabrın 13-də Tofiq Vahdatın olduğu avtomobilə yerləşdirilmiş bombanın partlaması onun sürücüsü və mühafizəçisinin ölümü ilə nəticələnib. Vahdat hücum cəhdindən sağ çıxıb, onun qardaşı isə yaralanıb. Hadisə ilə əlaqədar hücumun məsuliyyətini öz üzərinə götürən olmayıb.

Əfqanıstan paytaxtında keçən həftə hədəfli silsilə hücumlar nəticəsində hökumət rəsmiləri də daxil olmaqla ondan çox tanınmış şəxs həyatını itirib. Hücumlara görə məsuliyyəti heç kəs öz üzərinə götürməyib.

Əfqanıstanda Taliban və rəsmi Kabil nümayəndələri arasında Birləşmiş Ştatların vasitəçiliyi ilə sülh danışıqları aparıldığı vaxt da zorakılıqlar müşahidə edilib.

Əfqanıstan təhlükəsizlik qüvvələri və Taliban üsyançıları arasında ölkə boyu baş vermis toqquşmalar hər iki tərəfdə itkilər və mülki vətəndaşlar arasında itkilərlə nəticələnib.

Əfqanıstandaxili danışıqların əsas məqsədi hakimiyyətin bölüşdürülməsinə dair ölkədə uzun müddətdir davam edən münaqişəyə son qoya biləcək razılaşmanın əldə edilməsindən ibarətdir. Lakin sentyabr ayında başlayandan bəri danışıqlarda az inkişaf əldə edilib.

ABŞ-ın Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zalmay Xəlilzad şənbə günü Twitter sosial şəbəkəsində yazdığı şərhlərdə ölkədə “zorakılıqların yüksək səviyyəsini” qınayıb.

Rəqib tərəflərin danışıqlarda nümayəndələri daxili müzakirələr məqsədilə dekabrın 14-dən yanvarın 5-nə qədər fasilə götürüb. Tərəflər arasında dialoq ABŞ-ın Əfqanıstanda 19 ildir davam edən müharibəyə son qoymaq üçün bu il fevral ayında Talibanla əldə etdiyi razılaşmanın nəticəsidir.

ABŞ və Taliban arasında razılaşmaya əsasən, may ayına qədər Amerikanın və koalisiyanın əsgəri qüvvəsi ölkədən çıxarılmalıdır. Bunun müqabilində üsyançılar Əl-Qaidə də daxil olmaqla, terrorçu qruplarla əlaqələri kəsməyə və Əfqanıstan ərazisindən beynəlxalq terrorizm məqsədi üçün istifadə edilməsinin qarşısını almağa söz verib.

Taliban həmçinin Əfqanıstan hökuməti ilə hazırkı sülh danışıqları vasitəsilə qırx illik düşmənçiliyə son qoymağı vəd edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukraynanın hökumət vebsaytları kiberhücuma məruz qalıb
please wait

No media source currently available

0:00 0:11:00 0:00
XS
SM
MD
LG