Accessibility links

Kabildə Taliban hücumu onlarla adamın həyatına son qoydu


Əfqanıstanın paytaxtı Kabildə odlu silah və bomba hücumu zamanı onlarla insan ölüb və yaralanıb.

İntiharçı hücumunun məsuliyyətini öz üzərinə götürən Taliban hədəfin Əfqanıstanın Müdafiə Nazirliyinin Logistika və Mühəndislik Mərkəzinin olduğunu bildirib.

9-u uşaq olmaqla azı 65 yaralı xəstəxanalara çatdırılıb.

Sakinlərin dediyinə görə, partlayış şəhərin mərkəzi hissəsində səhər saatlarında baş verib və Kabil üzərini qara tüstü bürüyüb. Şahidlər kiçik partlayışlardan bir neçə dəqiqə əvvəl silah səsləri eşidildiyini bildirib.

Daxili İşlər Nazirliyinin sözçüsü Nəsrət Rəhimi şərhində yaxınlıqda inşa edilən çoxmərtəbəli binada gizlənən bir neçə silahlının partlayışdan dərhal sonra polis işçilərini atəşə tutduğunu deyib.

Rəhimi onu da əlavə edib ki, hadisə yerinə gələn xüsusi təyinatlı qüvvələr hücumçulara qarşı əməliyyata başlayıb.

Abdullah Abdullah, Əfqanıstanın Baş İcra Katibi
Abdullah Abdullah, Əfqanıstanın Baş İcra Katibi

Əfqanıstanın baş icra katibi Abdullah Abdullah Talibanın hücumunu qınayaraq, qrupun özünəməxsus cinayətkarlığını nümayiş etdirdiyini deyib və təhlükəsizlik qüvvələrinin belə zorakılıqlar törədənləri təqib edərək, cəzalandıracağına söz verib.

Əfqanıstanın Səhiyyə Nazirliyinin sözçüsü hücumdan dərhal sonra təcili yardım maşınlarının hadisə yerinə yollanaraq, 9-u uşaq olmaqla, azı 65 yaralını xəstəxanalara çatdırdığını bildirib.

Tanınmış jurnalist Bilal Sərvari Əfqanıstan kəşfiyyatı, polis və hökumət rəsmilərinə istinadən özünün Twittter səhifəsində güclü partlayış zamanı azı 40 nəfərin öldüyünü, 80 nəfərin yaralandığını bildirib.

XS
SM
MD
LG