Accessibility links

ABŞ Ramzan Kadırovu sanksiyalar siyahısına salıb


ABŞ-ın Maliyyə Nazirliyi Magnitski Aktına uyğun olaraq Çeçenistan liderinə maliyyə sanksiyaları elan edib.

Bu sanksiyalar barədə qərarda deyilir ki, Ramzan Kadırov “antigey represiyyalarında”, habelə Çeçenistandakı gey və biseksualların hədəflənməsində ittiham olunur.

Beləliklə, dekabrın 20-də Ramzan Kadırovun adı insan haqları pozuntularında günahlandırılan bir çox nüfuzlu Rusiya siyasətçilərinin daxil olduğu “qara siyahıya” əlavə olunub.

2012-ci il tarixli Magnitski qanunun qəbulu Kremli qəzəbləndirmiş və prezident Putin cavab olaraq rusiyalı uşaqların amerikalı valideynlər tərəfindən övladlığa götürülməsini qadağan etmişdi.

Dekabrın 20-də sanksiyalar siyahısına daha dörd rusiyalının adları əlavə olunub. Bunlar Ayub Katayev, Yulia Mayorova, Andrey Pavlov və Aleksey Şeşenyadır.

Beləliklə, barələrində müxtəlif maliyyə və səfər qadağaları olan rusiyalıların siyahısında indi 49 nəfərin adı var.

Siyahının məxfi hissəsində bir sıra başqa rusiyalıların da olduğu haqda xəbər verilib.

Kadırov və Katayev Çeçenistanda “beynəlxalq miqyasda tanınmış insan hüquqlarının kütləvi pozulmasına” görə hədəfləniblər. Maliyyə Nazirliyinin siyahısında Katayevin Çeçenistan hüquq-mühafizə orqanlarının zabiti olduğu bildirilir.

Nazirliyin Sanksiyalar İdarəsinin direktoru John Smit bəyan edib ki, ABŞ Rusiyada qanunsuz qətllərdə, işgəncə və başqa dəhşətli əməllərdə əli olanların Magnitski qanunu ilə hədəflənməsini davam etdirəcək.

Çeçenistan lideri ona qarşı sanksiyalar barədə hələlik heç bir açıqlama verməyib.

Bu ilin əvvəllərində Rusiyada çıxan Novaya gazeta Çeçenistanda onlarla gey və biseksualın saxlandığı, onlara işgəncə verildiyi və alçaldıldığı barədə məqalə dərc etmişdi.

Bu məqalədəki xəbərlər sonradan qismən AzadlıqRadiosu və Human Rights Watch insan haqları təşkilatlarının araşdırması ilə də təsdiqini tapmışdı.

Bu araşdırmaların nəticələrində deyilirdi ki, “antigey repressiyaları” aprelin əvvəllərində Çeçenistan rəsmilərinin göstərişi və iştirakı ilə həyata keçirilib.

Kadırov və Kreml bu ittihamları rədd edib.

Kadırovun yenicə daxil edildiyi siyahıda hələlik ən vəzifəli rusiyalı İstintaq Komitəsinin başçısı Aleksandr Bastrıkindir.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG