Accessibility links

Kaliforniya ABŞ-da koronavirusa yoluxmalarda 3 milyonu keçən ilk ştat oldu


Kaliforniya ABŞ-da koronavirusa yoluxma hallarının 3 milyondan çox olduğu ilk ştat oldu. Cons Hopkins Universitetinin Koronavirus Resurs Mərkəzinin məlumatına görə, 40 milyon sakinin yaşadığı qərb ştatında 33724 ölüm halı da daxil olmaqla təsdiqlənmiş 3,015,644 yoluxma halı qeydə alınıb.

Associated Press agengliyinin verdiyi məlumata görə, Kaliforniyada ötən ilin yanvarın 25-də ilk yoluxma halının qeydə alındığı vaxtdan noyabrın 11-nə kimi 292 gün ərzində infeksiyaların sayı 1 milyona çatıb. Ştat o vaxtdan bəri səhiyyə sistemlərini çökmə həddinə gətirən yeni infeksiyaların güclü dalğası ilə üzləşib. Milad ərəfəsində 44 gün ərzində 2 milyon yoluxma hadisəsi qeydə alınıb və 30 gün keçmədən yoluxmaların sayı 3 milyon həddinə çatıb.

İnfeksiyaların sayının bu həddə çatması Kaliforniyada kütləvi vaksinasiya səylərinin böyük maneə ilə qarşılaşdığı vaxta təsadüf edir.

Ştatın epidemioloqu bazar günü bəzi könüllülərdə mümkün ciddi allergiya reaksiyaları ilə əlaqədar olaraq təchizatçılara Moderna peyvəndinin bir hissəsini istifadə etməmələrini tövsiyə edib.

ABŞ-ın yeni seçilmiş prezidenti Co Baydenin yeni administrasiyası yanvarın 26-dan etibarən Avropanın əksər ölkələrindən və Braziliyadan gələn qeyri-ABŞ vətəndaşlarının çoxu üün koronavirusla əlaqədar səyahət qadağalarının aradan qaldırılması barədə prezident Donald Trampın qərarını ləğv edəcək.

"Bu addım səyahətlərin təhlükəsiz şəkildə davam etdirilməsinə imkan verməklə amerikalıları COVID-19-dan qorumağa davam etmək üçün ən yaxşı yoldur" - deyə, Tramp Ağ Evin yayımladığı açıqlamada bildirib.

Bununla birlikdə, yeni seçilmiş prezident Co Baydenin mətbuat katibi Cen Psaki bir neçə dəqiqə sonra Twitter-də cavab verib: “Tibbi komandamızın tövsiyəsinə əsasən administrasiyası bu məhdudiyyətləri yanvarın 26-da qaldırmaq niyyətində deyil. Əslində, COVID-19-un yayılmasının qarşısını almaq məqsədilə beynəlxalq səyahətlərlə bağlı ictimai səhiyyə tədbirlərini gücləndirməyi planlaşdırırıq”.

Yanvarın 26-dan etibarən qüvvəyə minəcək yeni təlimatlara əsasən, ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi hava yolları ilə ölkəyə daxil olan bütün sərnişinlərdən uçuşlarından əvvəl mənfi nəticəsi olan COVID-19 testi vermələrini tələb edəcək.

XS
SM
MD
LG