Accessibility links

Koronavirusun yeni variantı Kaliforniya ştatında da aşkar edilib


ABŞ-ın Kaliforniya ştatının səhiyyə rəsmilərinin bildirdiyinə görə, bir nəfər ilk dəfə Britaniyada aşkarlanan koronavirusun yeni variantına yoluxub. Bu isə o deməkdir ki, ABŞ-da bu varianta yoluxanların sayı daha çox ola bilər.

Kaliforniya bu həftənin əvvəlində COVID-19-un yeni variantına bir nəfərin yoluxduğunu bildirən Koloradodan sonra ikinci ştatdır.

Koloradoda olduğu kimi Kaliforniyanın Səhiyyə Nazirliyi də orada yoluxan şəxsin heç bir yerə səyahət etmədiyini bildirib.

Kaliforniyanın səhiyyə və sosial xidmətlər naziri Mark Qali bunun narahatlıqlar doğurduğunu deyib və koronavirusun yayılmasının qarşısını ala bilən maskalar, sosial məsafələr, evdə qalma və səyahətdən yayınma kimi metodların vacibliyini vurğulayıb.

"Görünür virusun mutasiya olnmuş bu variantı bir insandan digərinə keçməsini daha da asanlaşdırıb" - deyə, ABŞ-ın yoluxucu xəstəliklər üzrə yüksək səviyyəli mütəxəssisi, doktor Entoni Fauçi bildirib.

Çərşənbə günü Kaliforniya qubernatoru Qavin Nyusomla keçirdiyi onlayn müzakirəsi zamanı Fauçi virus mutasiyalarının normal hal olduğunu və ölkədə COVID-19-un yeni variantının aşkar edilməsinin onu təəccübləndirmədiyini deyib.

O, yeni variantın əvvəlkinə nisbətən daha ağır olduğuna inanmadığını və artıq tətbiq olunan peyvəndlərin buna qarşı da eyni dərəcədə təsirli olacağını deyib.

Amerika Birləşmiş Ştatlarında istifadəsinə təcili icazə verilən iki peyvənd qocalar evləri sakinlərinə, ön cəbhədəki səhiyyə işçilərinə və yüksək riskli sakinlərə vurulmağa başlayıb. Yaxın aylarda isə peyvəndlər əhalinin digər qruplarına vurulacaq.

XS
SM
MD
LG