Accessibility links

ABŞ-da meşə yanğınlarında azı 35 nəfər ölüb


ABŞ-ın Şimali Kaliforniya, Oreqon və Vaşington da daxil olmaqla, şimal-qərb Sakit okean bölgəsində meşə yanğınları minlərlə evi, müəssisəni və qəsəbəni külə döndərib.

Bir milyon hektardan çox torpaq məhv olub. Yanğınlar bölgədə azı 35 nəfərin ölümünə səbəb olub.

Tüstü və alovların təsiri San Francisco, Sietl və Portland şəhərlərində havanın çox güclü şəkildə çirklənməsinə səbəb olub.

Associated Press xəbər agentliyi “tüstü havanı kəskin metal iyi ilə doldurub” - deyə, bildirib.

Bölgəni bürüyən ağır tüstü buludları milyonlarla sakinin sağlamlığını təhlükə altına alıb.

Dövlət ətraf mühit rəsmiləri Sakit okeanın şimal-qərbindəki Oreqon ştatında havanın keyfiyyətini “qorxulu” və ya “sağlamlıq üçün çox təhlükəli” olaraq xarakterizə edib.

On minlərlə insan evlərini tərk etməli olub.

Milli Hava Xidmətinin məlumatına görə, görmə qabiliyyəti bəzi yerlərdə yarım kilometrdən az olub ki, bu da sürücüləri təhlükə qarşısında qoyub.

Meşə yanğınları ilə bağlı bir o qədər də şərh verməyən ABŞ prezident Donald Tramp bazar ertəsi son bir neçə ildə ən güclü yanğının baş verdiyi Kaliforniyaya getməyi planlaşdırır. Bundan əvvəl Tramp bölgədəki meşə yanğınlarına səbəbin meşə idarəçiliyinin zəif olması ilə izah edib.

Oreqon ştatının qubernatoru Keyt Braun bununla razı deyil. Bazar günü CBS kanalının Face the Nation proqramında o "bu bir həyəcan siqnalıdır və biz iqlim dəyişikliyi ilə mübarizə üçün əlimizdən gələni etməliyik" - deyə, bildirib. Kaliforniya və Vaşinqton qubernatorları onunla eyni fikirdədir.

XS
SM
MD
LG