Accessibility links

Külək Kaliforniyada meşə yanğınlarının sürətini artıra bilər


Cümə axşamı Kaliforniyanın şərabçılıq regionunda küləyin sürətinin atrması günlərdir davam edən və təxminən 250 tikilini məhv edən meşə yanğınının güclənməsinə gətirib çıxara bilər.

San Fransiskodan 110 kilometr şimalda, Napa mahalında isti su mənbələri, palçıq vannaları və şərabçılığı ilə tanınan 5 min sakini olan Kalistoqaya və ətrafına əlavə xilasetmə dəstələri və avadanlıqlar göndərilib.

Milli Hava Xidməti sürəti saatda 48 km olan küləyin cümə axşamı və cümə günü bölgədən keçəcəyini proqnozlaşdırıb. Bölgədə yüksək temperatur və qalın tüstülü hava hökm sürür.

Yanğınsöndürmə və ictimai təhlükəsizlik üzrə rəsmilər daha çox insanın evakuasiya edilə biləcəyi barədə xəbərdarlıq edib. İnsanlardan sayıq olmaları, evakuasiya zonalarından uzaqda qalmaları və hazırda bağlı məhəllələrə geri dönmək istəyənlərdən bunu etməmələri tələb olunub.

"Bu yanğın mövsümü uzun çəkdi və biz hələ də Kaliforniyada yanğın mövsümünün ortasındayıq" - deyə, Kaliforniya Meşə və Yanğından Mühafizə Departamentindən Billi Si bildirir..

Napa və Sonoma bölgələrində 230 kvadrat kilometr ərazini demək olar ki, tamamilə məhv edən Glass yanğını ilə 2000-dən çox yanğınsöndürən mübarizə aparıb. Yanğın nəticəsində 143-ü ev olmaqla, 250-ə yaxın tikili dağılıb.

Bu, son üç ildə regionda baş verən dördüncü böyük yanğındır. 2017-ci ilin oktyabr ayında baş verən meşə yanğınında 22 nəfər ölmüşdü.

XS
SM
MD
LG