ABŞ-ın Kaliforniya ştatında yüksək səviyyəli prokuror Meksikada qərargahlanan La Luz del Mundo kilsəsinin liderinə qarşı irəli sürülən uşaqlara qarşı seksual təcavüz ittihamı ilə məhkəmə prosesi üçün əlavə potensial qurban axtarır.
Kilsə rəsmiləri bildirib ki, onlar insan qaçaqmalçılığı və uşaq zorlama ittihamları ilə Kaliforniya ştatında həbsdə saxlanılan liderləri Naason Yoakuin Qarsianı dəstəkləyir.
Kilsə liderləri ABŞ da daxil olmaqla, onlarla ölkədə beş milyon tərəfdarı olan qrupun dini liderinə qarşı irəli sürülən ittihamları rədd edir.
“O olmazsa bizim kilsəni kim idarə edəcək? O hələ də bu kilsənin beynəlxalq direktorudur. İsa Məsihin əshabəsi titulu Allah tərəfindən verilir və bu ömürlükdür. O bizim kilsəyə rəhbərlik etməyə davam edəcək” - deyə, La Luz del Mundo kilsəsinin sözçüsü Silem Qarsia bildirib.
Yoakuin Qarsia və digər üç şübhəli insan qaçaqmalçılığı və uşaq pornoqrafiyasından tutmuş azyaşlıların zorlanmasınadək 26 maddə üzrə ittiham edilib.
Qarsianın zaminə buraxılması üçün 50 milyon dollar tələb olunur.
Qarsia bazar ertəsi məhkəmə qarşısına çıxarılacaq.
Kaliforniyanın baş prokuroru Havier Bekerra əlavə qurbanların ona müraciət etməsinə çağırmaq üçün cümə axşamına mətbuat konfransı təyin edib.