Accessibility links

Kamala Harris və Makron Barışıq Gününü qeyd edib


Fransa prezidenti Emmanuel Makron cümə axşamı keçirilən Barışıq Günü Parisdə Naməlum Əsgərin məzarına əklil qoyub. Fransada səfərdə olan ABŞ-ın Vitse-prezidenti Kamala Harris isə mərasimi Zəfər Tağında izləyib.

Mərasimdə Birinci Dünya Müharibəsi zamanı müttəfiq dövlətlər və Almaniya arasında döyüşlərin dayandırılması üçün 1918-ci ildə müqavilənin imzalanması qeyd edilib və Ağ Ev rəsmisi bu mərasimin münaqişədə həlak olan Fransa və Amerika əsgərlərini yad etmək üçün bir imkan olduğunu qeyd edib.

Bundan əvvəl Harris həyat yoldaşı Doq Emhoffla birlikdə çərşənbə günü Birinci Dünya Müharibəsinin başa çatması ilə əlaqədar ABŞ Veteranlar Günü və Barışıq Günü münasibətilə Parisin yaxınlığındakı Surene Amerika qəbiristanlığını və Memorialınını ziyarət edərək, əklil qoyulma mərasimində iştirak edib. 1600-ə yaxın amerikalının qalıqlarının saxlandığı bu yerdə hər iki dünya müharibəsində həlak olan amerikalı hərbçilərin xatirəsi anılıb.

Harris Fransaya ölkəsinin ən qədim müttəfiqlər arasında pozulmuş münasibətləri yaxşılaşdırmaq səylərinin bir hissəsi kimi səfər edib. Həm o, həm də Makron çərşənbə günü Yelisey Sarayında görüşdən əvvəl jurnalistlərə bunun əməkdaşlıq üçün imkanlar irəli sürdüyünü və "yeni dövrün" başlanğıcı olduğunu deyib.

“Mən birlikdə işləməyə davam edəcəyimiz və tərəfdaşlığımızı yenilədəcəyimiz, Fransa, ABŞ və dünya ölkələrinin xalqları üçün fayda gətirəcəyimiz növbəti bir neçə günü səbirsizliklə gözləyirəm" - deyə, Harris bildirib.

Harrisin baş müşaviri və baş sözçüsü Simon Sanders açıqlamasında Makron və Harrisin Trans-Atlantik təhlükəsizlik, kosmik tədqiqatları və gələcək pandemiyalara hazırlıqla bağlı əməkdaşlığı müzakirə etdiklərini bildirib.

Harris cümə axşamı Paris Sülh Forumunda çıxış edəcək və gələn ay bu ölkədə keçiriləcək seçkilər öncəsi Liviyada cümə günü baş tutacaq sammitdə Birləşmiş Ştatları təmsil edəcək.

İki ölkə arasındakı münasibətlər sentyabr ayından bəri tarixi minimuma enib. Buna səbəb isə ABŞ və Britaniyanın köməyi ilə Avstraliyanın nüvə sualtı gəmiləri inşa etməsi ilə bağlı razılığa gəlməsindən sonra Fransadan sualtı gəmilərin alınması nəzərdə tutulan 65 milyard dollarlıq müqavilədən imtina edilməsi olub.

XS
SM
MD
LG