Accessibility links

Kamran Əsədov: İslahatlar təhsilin keyfiyyət artımına təsir göstərmir


Kamran Həsənov
Kamran Həsənov

Təhsil Xidmətləri Araşdırma və Təhlil Mərkəzinin rəhbərinin Amerikanın Səsinə müsahibəsi

Təhsil Xidmətləri Araşdırma və Təhlil Mərkəzinin rəhbəri Kamran Əsədov Amerikanın Səsinə müsahibəsində təhsil islahatları və problemlərdən danışıb.

Amerikanın Səsi: Sentyabrın 15-də yeni tədris ili başlayır. Azərbaycanda təhsil islahatları hazırda hansı mərhələdədir, bazar iqtisadiyyatının tələbatına uyğun təhsil sisteminin yeni strukturu yaradılıbmı?

Azərbaycanda təhsilə əlçatımlılığın əhatə dairəsinin genişləndirilməsi prinsipləri öz əksini tapıb. İnsanlar rahat, geniş, işıqlı otaqlarda təhsil ala bilir.


Kamran Əsədov: Son 10 il ərzində ölkə prezidenti İlham Əliyevin sərəncamlarına əsasən üç mindən çox təhsil müəssisəsi tikilib və bərpa olunub. Bizim hal-hazırda 4472 orta ümumtəhsil məktəbimizdə 1,6 milyon şagird təhsil alır. Sentyabrın 15-də ilk dəfə olaraq birinci siniflərə 165 min şagird gedəcək. Ali təhsil müəssisələrinin bakalavr pilləsinə qəbul olunmuş 47 minə yaxın tələbə ilk dəfə olaraq təhsl müəssisələrinə gedəcək. Bu o deməkdir ki, Azərbaycanda təhsilə əlçatımlılığın əhatə dairəsinin genişləndirilməsi prinsipləri öz əksini tapıb. İnsanlar rahat, geniş, işıqlı otaqlarda təhsil ala biləcəklər. Bizim bu qədər şagirdimizlə təhsil aparmaq üçün 151 min müəllimimiz çalışır və son 3 il ərzində ölkə prezidentinin sərəncamları ilə əmək haqqları iki dəfədən çox artırılıb. Bu o deməkdir ki, Azərbaycanda təhsil artıq qanunvericilik baza hissəsini formalaşdırıb. Artıq Azərbaycan əmək bazarının tələbinə cavab verən, müasir standartları özündə əks etdirən bilik və bacarıqlara malik kadr hazırlığı istiqamətində iş aparılır. Yəni ölkəmizdə hal-hazırda təhsil regiondakı digər ölkələrlə müqayisədə daha əlçatımlıdır və hətta əhatə dairəsinin genişləndirilməsi prinsipi öz əksini tapıb. Hesab edirəm ki, qanunvericilik baza hissəsinin təkmilləşdirilməsi istiqamətində işlərə ehtiyac var. Çünki bu illər ərzində artıq “Ali təhsil haqqında” qanun müzakirə mərhələsindədir. “Orta ixtisas təhsili haqqında” qanun qəbul edilib. Peşə təhsili, məktəbəqədər təhsili haqqında qanunlar qəbul edilib. Yəni, artıq biz qanunvericilik bazasını formalaşdırmışıq. Bundan sonrakı mərhələdə qanunvericiliyin tələblərinə cavab verilməsi istiqamətində iş aparılmalıdır.

Kamran Əsədov: İslahatlar təhsilin keyfiyyət artımına təsir göstərmir
please wait

No media source currently available

0:00 0:08:11 0:00

Amerikanın Səsi: Dünya Bankı Azərbaycanda təhsil islahatlarının maliyyələşdirilməsinə kreditlər ayırıb. Bu kreditlərin təhsil islahatlarına hansı müsbət təsirləri olub?

Ən böyük problemimiz orta ümumtəhsil məktəblərində, ali təhsil pilləsində təhsil alanların istifadə etdikləri dərsliklərlə bağlıdır.


Kamran Əsədov: Əlbəttə ən çox Dünya Bankı və digər donorlar tərəfindən məktəblərin tikintisi, hər hansı bir layihənin həyata keçirilməsi və yaxud məktəbəqədər təhsil pilləsinə cəlb olunmaların əhatə dairəsinin genişləndirilməsi istiqamətində və digər tərəfdən qanunvericilik bazasının formalaşdırılması üçün ayrı-ayrılıqda vəsaitlər ayrılır. Amma hesab edirəm ki, bu tam şəkildə özünü doğrultmur. Çünki ayrılan vəsaitlərin maliyyə hesabatlılığı mövcud olmadığına görə, ayrılmış vəsaitlər tam şəkildə istənilən effekti vermir. Bu layihələrin həyata keçirilməsində iştirak edən şəxslərin bu sahə üzrə kompitensiyaları demək olar ki, çox azdır. Tələblərə cavab vermir. Baxsaq, vəsaitlər daha çox regionlarda yerləşən bir çox məktəblərin, modul tipli məktəblərin tikintisinə, eyni zamanda dağılmış qəzalı vəziyyətdə olan məktəblərin tikintisinə, bərpasına ayrılır. Eyni zamanda digər vəsaitlər də ayrılır, dərsliklərlə bağlı. Bilirsiniz ki, bizim ən böyük problemimiz hal-hazırda orta ümumtəhsil məktəblərində, eyni zamanda ali təhsil pilləsində təhsil alanların istifadə etdikləri dərsliklərlə bağlıdır. Təəssüflər olsun ki, bu istiqamətdə Dünya Bankının və donorların ayırdığı vəsaitlər tam effektiv deyil. Bizim dərslik problemimiz,bu qədər diqqət və qayğıya məruz qalmalarına baxmayaraq, istənilən effekti vermir. Hesab edirəm ki, bu problem yaxın illərdə mütləq şəkildə nəzərə alınmalıdır.

Amerikanın Səsi: Bəs islahatlar təhsilin keyfiyyətinə hansı təsirləri göstərir?

Ali təhsil məzunlarımızın yalnız 42 faizi işlə təmin oluna bilir


Kamran Əsədov: Təəssüflər olsun ki, Azərbaycanda həyata keçirilən islahatlar təhsilin keyfiyyət artımına təsir göstərmir. Biz daha çox kəmyyət artımını müşahidə edə bilirk. Yəni qəbul olunan tələbələrin sayındakı artım. Eyni zamanda məktəbə, təhsilə cəlb olunanların sayında artımı görə bilərik. Amma keyfiyyət artımı o deməkdir ki, sizin hazırladığınız kadrlar dünya standartlarına cavab verir. Azərbaycan özündə rəqabət iqtisadiyyatını formalaşdıra bilmir. Məhz yerli kadrların hesabına bu həyata keçirilməlidir. Və yaxud ali təhsilli vətəndaşlar əmək bazarına daxil olanda onların işlə təmin olunma faizi yüksəkdir. Amma biz əmək bazarını araşdıranda görürük ki, ali təhsil məzunlarımızın yalnız 42 faizi işlə təmin oluna bilir. Bu o deməkdir ki, həyata keçirilən islahatlar keyfiyyət göstəricisinə ciddi şəkildə təsir göstərə bilməyib. Bizim şagirdlərimiz hələ də yaş xüsusiyyətlərinə aid olmayan dərsliklərdən istifadə edir. Bizim şagirdlərimiz hələ də ağır çantadan istifadə edir. Bizdə hələ də ağıllı, elektronlu lövhələrdən tam şəkildə istifadə oluna bilmir. Bütün bunlar göstərir ki, daha çox kəmiyyət artımı var. Keyfiyyət artımı istənilən səviyyədə deyil.

Amerikanın Səsi: Ali təhsilin boloniya prosesinə qoşulması baş veribmi? Ölkədə vahid Avropa standartlarına cavab verən ali təhsil formalaşıbmı?

Azərbaycanda 50-dən çox ali təhsil müəssisəsinin demək olar ki, heç biri dünya standartlarına cavab vermir.


Kamran Əsədov: Təəssüflər olsun ki, Azərbaycanda hal-hazırda 50-dən çox ali təhsil müəssisəsinin demək olar ki, heç biri dünya standartlarına cavab vermir. Bunun əsas səbəbləri ondan ibarətdir ki, ali təhsil müəssisələrini idarə eləyən şəxslər menecer deyil. Onlar hələ də sovetlər dönəminin idarəetmə prinsipini özündə əks etdirir. Daha çox kollegial qərarlar deyil, təkbaşına qərarlar qəbul edirlər. Ona görə ki, Azərbaycanda olan universitetlər dünya reytinqində olan universitetlər deyil və xarici ölkə vətəndaşları da bizim universitetləri seçmirlər. Yəni, müqayisə aparaq, ərazisi bizdən dəfələrlə az olan Sinqapurun iki universitetində xaricdən gələn və təhsil alan tələbələrin sayı 80 mindir. Amma Azərbaycanda 50 ali təhsil müəssisəsində cəmi 3800 nəfər xarici tələbə təhsil alır. Bu o deməkdir ki, Azərbaycanda ali təhsil müəssisəsi boloniya sisteminə qoşulmayıb. Bunlar təkcə sənəd üzərində qoşulma prinsipini yenə də özünükləşdirib. Yəni bizim ali təhsil müəssisələri Avropa standartlarına cavab vermir. Bizdə ölü ixtisaslar var, bizdə əmək bazarında ehtiyac olmayan ixtisaslar üzrə kadr hazırlığı həyata keçirilir. Hələ də bir çox lazımsız ixtisaslar universitetlərdə tədris olunur. Onlar bizə lazım deyil. Biz sadəcə sənəd üzərində boloniya prosesinə qoşulmuşuq. Tələbələrin köçürülməsi, yerdəyişməsi, qəbul və bərpa olunması kimi prinsiplər hələ də ali təhsil müəssisələrində öz əksini tapmayıb. Eyni zamanda bizim maddi texniki bazamız keçən əsrin 80-ci, 90-cı illərinin resurslarıdır. Mühazirə mətnlərimiz var. Biz hələ də tələbəyə qayıb yazırıq, gecikəni universitetdən qovuruq. Biz universitetlərin əlçatımlılığını təmin etmişik. Amma keyfiyyət göstəricisi baxımından boloniyanın heç bir maddəsi bizdə özünü əks etdirmir. Bunu da birbaşa real əks etdirən dünya reytinqidir.

Amerikanın Səsi: Təhsil sisteminin maliyyələşdirilməsinin yeni mexanizmini əks etdirən iqtisadi model varmı?

Heç bir ali təhsil müəssisəsi məhsul istehsal eləyə bilmir. Heç bir kəşfi, ixtirası yoxdur və yaxud qrant layihəsində iştirak eləmir.


Kamran Əsədov: Dünyada belə bir model adambaşına düşən maliyyə mexanizmidir.Yəni istər ali təhsil pilləsində, istər orta ixtisas təhsili müəssissində, istər orta məktəb pilləsində hər bir şəxsə dövlət tərəfindən ayrılan bir vəsait var. Amma bu vəsaitin geri qaytarılma mexanizmi də var. Əgər dövlət sifariş verirsə hər hansı bir ixtisas üzrə ki, bu ixtisas üzrə mən bu qədər vəsait ayırıb kadr hazırlayıram. Həmin kadr təhsilini başa vurduqdan sonra dövlətə həmin pulu geri qaytarmalıdır. Amma Azərbaycanda bu mexanizm yoxdur. Məsələn, bu gün Azərbaycanın bütün universitetləri tələbələrin təhsil haqqı ilə maliyyələşir. Heç bir ali təhsil müəssisəsi məhsul istehsal eləyə bilmir. Heç bir kəşfi, ixtirası yoxdur və yaxud qrant layihəsində iştirak eləmir. Bu və ya digər mənbələrdən pul əldə etmirlər. Bizim universitetlərimizdə qeyri-qanuni olaraq pul tələb edirlər tələbələrdən semestrə görə və yaxud təhsil haqqından pul əldə edirlər. Onların bir ixtirası, bir məhsulu bazara çıxarmaq kimi bir mexanizmi yoxdur. Bizim İqtisad Universiteti dövlətin iqtisadi siyasətini həyata keçirməsində yaxından iştirak eləmir. Və yaxud pedaqoji kadr hazırlayan universitetimiz dövlətin tələbinə cavab verən kadr hazırlığı həyata keçirə bilmir. Çünki tədqiqat universiteti yoxdur. Məsələn dünyanın ilk yüzlüyündə olan universitetlər öz dövlətlərinin iqtisadi inkişafında birbaşa paya malikdir. Azərbaycanda təəssüflər olsun ki, maliyyələşmə mexanizmi dövlət büdcəsindən daxil olan vəsaitlər və təhsil haqları üzərində olduğuna görə universitetlərimizin maliyyə problemi ciddi şəkildə mövcuddur.

XS
SM
MD
LG