Accessibility links

Kanada və ABŞ yeni ticarət razılaşmasını müzakirə edəcək


Meksika senatı Kanada və ABŞ ilə yeni ticarət razılaşmasını təsdiqlədikdən bir gün sonra Kanadanın baş naziri Castin Trudo ABŞ prezidenti Donald Trampla ticarət razılaşmaları məsələlərini müzakirə etmək üçün cümə axşamı Vaşinqtona səfər edir.

ABŞ-la yaşanan immiqrasiya gərginliyinə baxmayaraq, çərşənbə axşamı Senatda baş tutan səsvermədən sonra Meksika ABŞ-Meksika-Kanada razılaşmasını təsdiqləyən ilk ölkə oldu.

''İndiki vəziyyətdə biz faydalı ticarət əlaqələrinə sahibik. Çünki, bu əlaqələr Meksikaya cəlb olunacaq əlavə sərmayə, yeni iş yerləri deməkdir" - deyə, Meksika prezidenti Andres Manuel Lopez bildirib.

Yeni ticarət razılaşması demək olar ki, köhnə ilə eynidir. İki müqavilə arasındakı əsas fərqlərə ABŞ-a ixrac edilən avtomobillərdə daha çox ABŞ istehsalı olan hissələrin olması və ABŞ süd fermerlərinin Kanadaya məhsul satması daxildir.

Kanada parlamenti hələ yeni müqaviləni səsverməyə qoymayıb. Həmçinin yeni razılaşma demokratlar tərəfindən idarə olunan ABŞ Konqresində də etirazla üzləşir.

Yeni müqavilə 1994-cü ildə imzalanmış Şimali Amerika Azad Ticarət Sazişini əvəz edir. Tramp əvvəlki razılaşmanın ABŞ-dakı iş yerlərini məhv etdiyini və bütün üstünlüklərin Meksikaya verildiyini bildirirdi.

XS
SM
MD
LG