Accessibility links

Karantin aprelin 1-nə kimi uzadılıb, sms icazə ləğv edilib


Karantin

Azərbaycanda xüsusi karantin rejiminin müddəti 2021-ci il aprelin 1-dək uzadılıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Qərargah bildirir ki, bir sıra ölkələrdə və Azərbaycanda xəstəliyin yayılma dinamikasında müəyyən stabillik müşahidə olunduğundan sərtləşdirilmiş xüsusi karantin rejimi çərçivəsindəki məhdudiyyətlərin bir qisminin 2021-ci il 18 yanvar saat 00:00-dan yumşaldılması qərara alınıb.

Operativ Qərargah qeyd edir ki, Nazirlər Kabinetinin qərarına əsasən, 2021-ci il 18 yanvar saat 00:00-dan etibarən “SMS” ilə icazə almaq ləğv ediləcək.
Söhbət Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərlərindən, Abşeron, Lənkəran, Masallı, Cəlilabad, Şəki, Zaqatala, Quba, Xaçmaz, Yevlax, Bərdə, Biləsuvar və İsmayıllı rayon mərkəzlərindən gedir. Həmin yerlərdə sərt karantin müddətində “SMS” ilə icazə sistemi tədbiq edilmişdi.

2021-ci il 25 yanvar saat 00:00-dan etibarən isə ölkə ərazisində aşağıdakı iş və xidmətlərin fəaliyyətinə icazə verilir:

- ticarət obyektlərinin fəaliyyəti (ictimai iaşə obyektləri, kafe, çay evləri və bu kimi məkanlarda müştərilərə yerində xidmət və iri ticarət mərkəzlərinin, “Mall”ların fəaliyyəti istisna olmaqla);

- bərbərxanaların, gözəllik salonlarının fəaliyyəti və kosmetik xidmətlər (o cümlədən, bu sahələrdə müştərinin evində və ya digər məkanda xidmət);
muzey və sərgi zallarının fəaliyyəti;

- şəhərlərarası və rayonlararası hərəkət.

Fevralın 1-i, saat 00:00-dan etibarən ölkə ərazisində ictimai iaşə obyektlərində müştərilərə saat 06:00-dan 00:00-dək yerində xidmətlər bərpa olunur.

Nazirlər Kabineti 2021-ci il yanvarın 18-i, saat 00:00-dan yanvarın 25-i saat 00:00-dək Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərinin, Abşeron Lənkəran, Masallı, Cəlilabad, Şəki, Zaqatala, Quba, Xaçmaz, Yevlax, Bərdə, Biləsuvar və İsmayıllı rayon mərkəzlərinin ərazilərinə giriş-çıxış məsələsinə də aydınlıq gətirib. Bildirilir ki, müvafiq təşkilatların əməkdaşlarına xidməti vəsiqə, ezamiyyə vərəqəsi, diplomatik nümayəndəliklərin və beynəlxalq təşkilatların əməkdaşlarına isə müvafiq akkreditasiya kartları əsasında o ərazilərə giriş-çıxışa icazə veriləcək. Yaxın qohumunun dəfnində iştirakla əlaqədar də həmin yerlərə “102” Xidməti – Zəng Mərkəzi vasitəsilə alınmış icazə əsasında getməyə icazə veriləcək.

Beynəlxalq və ölkədaxili uçuşlara müvafiq reys üçün bileti olan şəxslərə də eyni şərit yaradılcaq:

“Bakı metropolitenində sərnişindaşımanın fəaliyyətinə tətbiq olunan məhdudiyyət hazırda qüvvədə qalır. Bütün ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyətinə tətbiq olunan məhdudiyyət, eləcə də digər qadağalar isə xüsusi karantin rejiminin sonunadək tətbiq olunacaqdır”, Operativ Qərargah bildirir.

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma fevralın 28-də aşkarlanıb.

Nazirlər Kabinetinin qərarına əsasən, dekabrın 28-dək Bakı metropoliteninin fəaliyyəti tam dayandırılıb, məktəblərdə tədris onlayn qaydada həyata keçirilir. Yoluxma riski yüksək olan bir sıra yaşayış məntəqələrinə giriş-çıxış qadağan edilib.

Dekabrın 28-dək ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyəti dayandırılıb. Həmçinin şənbə və bazar günləri həyati əhəmiyyət kəsb edən fəaliyyət növləri, o cümlədən aptek və ərzaq mağazaları istisna olmaqla, digər bütün sahələr üzrə yerində xidmətlər dayandırılıb.

Nazirlər Kabinetinin qərarına görə, xüsusi karantin rejiminin qüvvədə olduğu müddətdə ölkə üzrə bütün qapalı və açıq məkanlarda tibbi maskalardan istifadə məcburi hesab olunub. Maskalardan istifadə qaydalarına nəzarət rejimi daha da sərtləşdirilib. 65 yaşdan yuxarı şəxslərin zərurət yaranmadan yaşayış yerlərini tərk etməmələri tövsiyə olunub.

Həmçinin özəl sektorda və digər sahələrdə fəaliyyət göstərən qurum və təşkilatlara işçilərin say həddinin 30 faizədək azaldılması və digər əməkdaşların məsafədən iş rejiminə keçirilməsi tövsiyə edilib

XS
SM
MD
LG