Accessibility links

Karantin dövründə qoruyucu maska taxmayanlar cərimələnəcək


Tibbi maska
Tibbi maska

Azərbaycanda karantin dövründə qoruyucu maska taxmayan şəxslər cərimə ediləcək.

Belə ki, Milli Məclis iyunun 2-də keçirilən növbədənkənar sessiyasının plenar iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişiklik barədə qanunu qəbul edib.

Məcəlləyə edilən dəyişikliyə əsasən, epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejimləri dövründə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə fiziki şəxslər 50 manat məbləğində, vəzifəli şəxslər 100 manat, hüquqi şəxslər 200 manat məbləğində cərimə ediləcək.

Bu xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejimləri dövrü başa çatanadək təkrar törədilməsinə görə fiziki şəxslər 100 manat, vəzifəli şəxslər 200 manat, hüquqi şəxslər 400 manat məbləğində cərimələnəcək.

Statistik məlumatların təhlili göstərir ki, ölkədə karantin rejimi yumşaldıldıqdan sonra koronavirusa yoluxma halı sürətlə artır.

Martın 14-dən Azərbaycanda bütün kütləvi tədbirlər ləğv edilib. Habelə martın 3-dən orta və ali məktəblərdə dərslər dayandırılıb. Martın 24-dən etibarən ölkədə xüsusi karantin rejimi elan edilib.

Aprelin 5-dən xüsusi karantin rejimi çərçivəsində ölkədə hərəkət məhdudiyyətləri müəyyən olunub.

Mayın 18-dən karantin rejimi yumşaldılıb. SMS icazə ilə insanların evdən çıxması, xüsusi vəsiqə və arayışlarla işə çıxma sistemi ləğv edilib. 65-dən yuxarı yaşı olan insanların evdən çıxmasına tətbiq edilən qadağa aradan qaldırılıb. Restoranlar, kafelər, ictimai iaşə obyektləri, parklar açılıb.

Bununla yanaşı, kütləvi tədbirlərin keçirilməsinə tətbiq edilən qadağalar qüvvədə qalıb. 10 nəfərdən çox insanın bir yerə toplanması qadağandır.

Nazirlər Kabinetinin qərarı ilə ölkə ərazisində xüsusi karantin rejiminin müddəti iyunun 15-dək uzadılıb.

Eyni zamanda mayın 31-dən xüsusi karantin rejimi çərçivəsindəki məhdudiyyətlərin bir qisminin də aradan qaldırılmasına qərar verilib.

Belə ki, bütün ictimai-iaşə müəssisələrinin, o cümlədən restoranların, ticarət mərkəzlərinin və “Mall”ların fəaliyyəti bərpa olunub.

Amma ölkə üzrə bütün ictimai iaşə obyektlərində qəlyan avadanlıqlarından istifadə və 10 nəfərdən artıq toplaşmaqla kütləvi şənliklər, məclislərin təşkili qadağan edilib.

XS
SM
MD
LG