Accessibility links

Karantin qaydalarını pozan 12 sürücü inzibati qaydada həbs olunub


Bakıda karantin rejimi

Bakıda karantin rejiminin pozulmasına görə 12 nəfər inzibati qaydada həbs olunub, gün ərzində 1638 nəqliyyat vasitəsinin hərəkəti məhdudlaşdırılıb.

Bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin ölkə ərazisində tətbiq edilmiş karantin rejimi ilə əlaqədar Baki, Sumqayıt şəhərləri və Abşeron rayonunun inzibati ərazilərindəki nəzarət keçid postlarında aprelin 1-dən aprelin 2-dək olan müddət ərzində polis əməkdaşları tərəfindən görülmüş işlər barədə yaydığı məlumatda deyilir.

Bakı-Quba yolunun 45.2-ci km-də yerləşən keçid postundan 24-ü rayon, 190-ı paytaxt istiqamətinə olmaqla 214 nəqliyyat vasitəsinin geri qaytarılması təmin edilib. Bakı-Şamaxı-Yevlax yolunun 86-cı km-də yerləşən keçid postundan 14-ü rayon, 63-ü paytaxt istiqamətinə olmaqla 77 nəqliyyat vasitəsinin geri qaytarılması təmin edilib. Bakı-Qazax-Gürcüstan yolunun 65-ci km-də yerləşən keçid postundan 68-i rayon, 88-i paytaxt istiqamətinə olmaqla 156 nəqliyyat vasitəsinin geri qaytarılması təmin edilib. Sumqayıt şəhərinin çıxışında yerləşən keçid postundan 395 nəqliyyat vasitəsinin geri qaytarılması təmin edilib. Abşeron rayonunun çıxışında yerləşən keçid postundan 796 nəqliyyat vasitəsinin geri qaytarılması təmin edilib.

Gün ərzində 1638 nəqliyyat vasitəsinin hərəkəti məhdudlaşdırılıb, zərurət olmadan yaşadığı mənzildən çıxaraq nəqliyyat vasitələri ilə postların yerləşdiyi, habelə digər yollarla keçməyə cəhd göstərməklə karantin rejiminin pozulmasına görə 12 nəfər inzibati qaydada həbs olunub, 1 243 nəfərin barəsində isə cərimə növündə inzibati tənbeh tətbiq edilib.

Ümumilikdə Azərbaycanda koronavirus infeksiyasına yoluxmuş 359 şəxsdən 26 nəfəri müalicə olunaraq sağalıb, 5 nəfər vəfat edib, 328 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Onlardan 7 nəfərin vəziyyəti ağır, 17 nəfərinki orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Azərbaycanda müxtəlif karantin zonalarına yerləşdirilən 4518 nəfərin müayinəsi ilə bağlı müvafiq tədbirlər həyata keçirilir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 35 minə yaxın test aparılıb.

XS
SM
MD
LG