Accessibility links

Karantin rejimi sərtləşdirildi, koronavirusa yoluxanların sayı artdı - 379 nəfər oldu


Sərtləşdirilmiş karantin rejimi

İyunun 6-da Azərbaycanda 379 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 153 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Məlumatda deyilir ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 1941 və 1956-cı il təvəllüdlü iki nəfər vəfat edib.

Hazırkı dövrədək Azərbaycanda 7239 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 4024 nəfər müalicə olunaraq sağalıb, 84 nəfər vəfat edib, 3131 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Həmin şəxslərdən 72 nəfərin vəziyyəti ağır, 86 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir. Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 334 863 test aparılıb.

Sərtləşdirilmiş karantin rejimi
Sərtləşdirilmiş karantin rejimi

Bu gün ölkədə sərtləşdirilmiş karantin rejimi tətbiq edilib. Şəhər sanki sükut içərisindədir. Nəqliyyatın hərərkəti dayandırılıb, küçələrdə insanlar gözə dəymir, ictimai yerlər işləmir.

Nazirlər Kabinetinin qərarına görə, Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi 8 iyun saat 6-dək davam edəcək.

Bununla yanaşı, rəsmi məlumata görə iyunun 6-da Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı tələblərə əməl etməyən 900 nəfər cərimələnib.

İyunun 4-də Azərbaycan Nazirlər Kabineti Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə qərar verib.

Qərara əsasən adları çəkilən ərazilərdə (COVID-19) infeksiyasının yayılma sürətinin azaldılması, habelə onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə xüsusi karantin rejiminin sərtləşdirilməsini təmin etmək üçün 2020-ci il 6 iyunda Bakı vaxtı ilə saat 00:00-dan 8 iyun saat 6-dək məhdudiyyətlər tətbiq edilib.

Baş Nazir Əsədov dövlət televiziyası ilə çıxışında deyib ki, həftəsonu qadağaların iyunun 13, 14 və 15-də də tətbiq olunması nəzərdə tutulur.

O, hesab edir ki, xüsusi karantin qaydalarının yumşaldılmasından sonra əhali tələbləri daha çox pozub: “Ona görə də virusa yoluxanların sayında ciddi artım oldu."

Azərbaycanda karantin rejimi yumşaldıldıqdan sonra son günlər infeksiyaya yoluxma halı bir neçə dəfə artaraq iyunun 3-də ən yüksək həddə, 325 nəfərə çatıb, 5 nəfər vəfat edib.

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma fevralın 28-də aşkarlanıb.

Martın 24-dən ölkədə koronavirus pandemiyası ilə bağlı karantin rejimi elan edilib. Karantin rejimi iyunun 15-nə kimi uzadılsa da, aprelin 27-dən başlayaraq mərhələlərlə bir xeyli yumşaldılıb.

Amma ölkə üzrə bütün ictimai iaşə obyektlərində qəlyan avadanlıqlarından istifadə və 10 nəfərdən artıq toplaşmaqla kütləvi şənliklər, məclislərin təşkili qadağan edilib.

XS
SM
MD
LG