Accessibility links

Kasperski: COVID-19 dövründə kibercinayətkarlıq 25% artıb


Rusiyanın kibertəhlükəsizlik maqnatı Kasperski Laboratoriyasının icraçı direktoru bildirir ki, koronavirusun yayılmasını yavaşlatmaq üçün dünyada tətbiq olunan kilidləmə zamanı kibercinayətlərin sayı artıb. O əlavə edib ki, kibercinayətkarların əksəriyyəti rusdilli insanlardır.

Mayın 14-də TASS agentliyi Yevgeni Kasperski ilə müsahibəni yayımlayıb. O, müsahibə zamanı bildirib ki, "karantin kibercinayətkarların daha yırtıcılıqla öz qurbanlarını axtarmasına səbəb olub".

"Hər gün bir neçə milyon faylları zərərli funksiyalara sahib olduqları şübhəsi ilə məhv edirik. Eləcə də hər gün əvvələr rast gəlmədiyimiz 300 mindən çox zərərli nümunəni aşkar edirik" - deyən Kaspersky əlavə edib ki, bu nümunələrin hər birindən yüz dəfədən çox istifadə edilə bilər.

Kasperskinin dediyinə görə, insanlar koronavirus səbəbiylə evdə qalmalı olduqları üçün ərzaq və digər əşyalar almaq üçün bəzən internetə axtarışa daha çox vaxt sərf edirlər və bəzən tövsiyə olunmayan saytlara gedib çıxırlar ki, bu da qlobal miqyasda kiberhücumların 25 faiz artmasına səbəb olub.

Kasperski Rusiyanın və bir sıra keçmiş sovet respublikalarının "dünyanın ən yaxşı proqramçıları" yetişdirdiyini, lakin bunun mənfi tərəfi olduğunu da bildirib, çünki dünyanın ən qabaqcıl hakerləri əsasən rusdilli insanlardır.

Rusiyadan və digər keçmiş sovet ölkələrindən olan proqramçılar, Qərbdəki həmkarlarından daha az qazanırlar, bu da qismən onların kibercinayətlərlə məşğul olma ehtimalını artırır.

"Dünyanın ən yaxşı proqramçı və proqram tərtibatçılarına sahibik, lakin eyni zamanda dünyanın ən yaxşı hakerlərinə də ev sahibliyi edirik. Hamısı eyni universitetlərdən məzun olub, sonda fərqli yollara gediblər. Bir hissəsi yeni bir şey yaratmaq üçün çalışır, digər biri hak və məhv etməyə çalışır. Cinayət hallarında motivasiya eynidir - pul oğurlamaq, yenidən pul oğurlamaq və yenə də daha çox pul oğurlamaq. Və onlar təkcə adi insanlardan deyil, həm də müştərilərindən də pul qoparmağa çalışır" - deyə, Kasperski bildirib.

Qeyd edək ki, ABŞ-da son bir neçə il ərzində onlarla rusiyalı haker həbs edilib.

XS
SM
MD
LG