Accessibility links

Keçmiş deputat İlham Əliyev həbs edilib, Siyavuş Novruzova töhmət elan edilib


Keçmiş deputat İlham Əliyev məhkəmə qarşısında
Keçmiş deputat İlham Əliyev məhkəmə qarşısında

Bu gün, avqustun 22-də Abşeron rayon Məhkəməsində hakim Şövkət Nəcəfovanın sədrliyi ilə keçirilən prosesdə Azərbaycan Prezident Administrasiyasının keçmiş rəhbəri, Milli Elmlər Akademiyasının prezidenti Ramiz Mehdiyevin kürəkəni, Milli Məclisin keçmiş deputatı İlham Əliyev və onun qudası Rövşən Mustafayev İnzibati Xətalar Məcəlləsinin 211.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə) maddəsi ilə təqsirli bilinərək hər biri inzibati qaydada 15 sutka həbsə məhkum edilib.

Bu, avqustun 21-də sosial şəbəkələrdə yayılan videolardan sonra baş verib. Belə ki, videolarda bir villada İlham Əliyev və Rövşən Mustafayevin övladlarının toy məclisi əks olunub. Toy məclisində Ramiz Mehdiyev də var. Bakı Dövlət Universitetinin keçmiş rektoru Abel Məhərrəmov Ramiz Mehdiyevin şərəfinə sağlıq deyir.

Toy məclisinin əks olunduğu iddia edilən videolar sosial şəbəkələrdə geniş tənqidlərə səbəb olub. Belə ki, hökumətin qərarı ilə karantin dövründə toy şənlikləriu qadağan olunub. Polis digər insanların keçirdiyi kütləvi tədbirlərə müdaxiə edir və onu dağıdır. Günahkarlar isə həbsə məhkum edilir. Bu fonda sosial şəbəkələrdə `qaydalar və cəzalar kasıblar üçündür` ifadələri yer almış çoxsaylı statuslarda hökumətə `elə deyilsə hüquq-mühafizə orqanları vəzifəli şəxslərin toplantılarına niyə müdaxiə etmir, onları niyə cəzalandırmır?` sualları ünvanlanıb.

Hər iki şəxsin məhkəmə qarşısına çıxarılması bu tənqidlərdən sonraya təsadüf edir. Bununla yanaşı, maraqlı nüanslarda biri də karantin dövründə digər məhkəmə proseslərinə jurnalistlərin buraxılmamasına baxmayaraq, bu məhkəmədə təqsirləndirilən şəxs narazılıq bildirsə də bir çox jurnalistlərin çəkiliş aparmasına icazə verilib. Bəzi televiziya və media qurumları hətta məhkəmədən canlı yayım edib. Müşahidəçilərin iddiasına görə, məhkəmə prosesindən canlı yayım Azərbaycanın məhkəmə tarixində bir ilk olub.

Bununla yanaşı, toy məclisində iştirak edən rəsmi şəxslər də tənbeh olunub. Yeni Azərbaycan Partiyasının mətbuat xidmətinin məlumatına görə, bu partiyanın icra katibinin müavini, Milli Məclisin komitə sədri Siyavuş Novruzova karantin qaydalarını pozduğuna görə töhmət elan edilib.

Azərbaycan Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini – icra katibi Əli Əhmədov bildirib ki, karantin rejiminə, məhdudlaşdırıcı tədbirlərin tətbiqinə məhəl qoymadan kütləvi mərasimlərin təşkili hökumətin qəbul etdiyi zəruri qərarlara hörmətsizlik kimi qiymətləndirilməlidir.

“Çox təəssüf edirəm ki, haqqında danışdığımız qadağalara baxmayaraq bir neçə gün bundan əvvəl Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Ramiz Mehdiyevin nəvəsinin toy mərasimi keçirilmişdir. Yeni ailə quran gənclərə xoşbəxtlik arzulamaq bizim ən ülvi milli adət-ənənələrimizdəndir. Lakin toy mərasiminin COVİD-19 pandemiyası dövründə mövcud olan qadağalara məhəl qoyulmadan keçirilməsi və sosial şəbəkələrdə geniş müzakirələrə, əhalinin haqlı narazılığına səbəb olması bizi məyus etməyə bilməz. Yeni Azərbaycan Partiyası ölkənin iqtidar partiyasıdır. Partiyamız bütövlükdə və onun hər bir üzvü ayrılıqda qanunlara nəinki riayət etməli, hətta bu işdə hər kəsə nümunə olmalıdır. Azərbaycan hüquqi dövlətdir, ölkəmizdə qanunların aliliyi təmin olunub. Heç kimə ayrıca səlahiyyətlər, üstünlüklər və ya imtiyazlar verilməyib və verilə bilməz. Mənim dediyim bu sözlər ilk növbədə Yeni Azərbaycan Partiyasının üzvlərinə aiddir. Belə olan halda partiya üzvlərindən kiminsə xüsusi imtiyazlara sahib olduğunu düşünməsi anlaşılmaz və yolverilməzdir. Hesab edirəm ki, karantin qaydalarının kobud şəkildə pozulmasına görə toy sahiblərinin qanunla cəzalandırılması hamıya ibrət olmalıdır.

Sözügedən toy mərasimində iştirak edən partiya üzvlərinin partiya məsuliyyətini dərk edirik və zəruri tədbirlərin görülməsi, inanıram ki, təmin olunacaqdır. Mən bütün partiya üzvlərini COVİD-19 pandemiyası dövründə tətbiq edilən karantin rejiminin tələblərinə riayət etməyə dəvət edirəm və düşünürəm ki, gələcəkdə bu cür hallara bir daha yol verilməyəcək,” Əhmədov qeyd edib.

XS
SM
MD
LG