Accessibility links

Keçmiş müdafiə nazirinə naməlum şəxs xəsarət yetirib


Rəhim Qaziyev
Rəhim Qaziyev

Azərbaycanın keçmiş müdafiə naziri Rəhim Qazıyevə bu gün, iyunun 12-də Bakıda, Bakı Dövlət Universitetinin binası yaxınlığında hücum olub. O başından xəsarət alıb.

“Naməlum bir şəxs mənə hücum edərək baş nahiyyəmdən vurub qaçdı. Onun əlində bərk olan nə isə var idi. Baş nahiyyəm qanayıb. İndi polis gəlib araşdırmaya başlayacaq. 40 dəqiqədən çoxdur Təcili Tibbi Yardım Xidmətinə zəng etmişəm, hələ təcili tibbi yardım xidməti gəlməyib,” o, Amerikanın Səsinə bildirib.

Keçmiş nazir insidentin səbəbi ilə bağlı bir söz deməsə də, "indiki rejim adamı ayaq üstə öldürmək istəyir" deyərək bildirib.

Rəhim Qazıyev 17 mart 1992 -ci ildən 20 fevral 1993-cü ilədək Azərbaycanın müdafiə naziri olub.

Keçmiş nazir 21 noyabr 1993-cü ildə həbs edilib.

1994-cü il sentyabrın 21-dən 22-nə keçən gecə keçmiş Milli Təhlükəsizlik Nazirliyinin təcridxanasından qaçmağa nail olub.

12 may 1995-ci ildə Qazıyev üç maddə ilə (külli miqdarda dövlət əmlakını talamaq, vəzifə səhlənkarlığı və qanunsuz silah gəzdirmə) təqsirkar bilinərək Ali Məhkəmənin hökmü ilə qiyabi ölüm hökmünə məhkum edilib.

1996-cı il aprelin 13-dən 14 keçən gecə yenidən həbs edilərək həbsxanaya qaytarılıb.

Bu arada ölkədə ölüm hökmü ləğv edilib. 26 dekabr 2003-cü ildə məhkəmənin hökmü ilə 15 il azadlıqdan məhrum edilib.

2005-ci il martın 20-də prezident İlham Əliyev tərəfindən əfv edilib.

Hazırda Qazıyev iqtidara qarşı müxalif mövqedən çıxış edir.

XS
SM
MD
LG