Accessibility links

Keçmiş səfir Eldar Həsənovun cinayət işinin istintaqı tamamlanıb


Eldar Həsənov
Eldar Həsənov

Sabiq səfir Eldar Həsənovun barəsində Baş Prokurorluğun İstintaq İdarəsində aparılan cinayət işinin istintaqı tamamlanıb.

Bu barədə Baş Prokurorluğun mətbuat xidmətinin məlumatında bildirilib.

Məlumatda deyilir ki, avqustun 16-da cinayət işi üzrə ittiham aktı təsdiq edilməklə baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Rəsmi məlumata görə, aparılmış istintaqla Eldar Həsənovun Azərbaycan Respublikasının Rumıniya, Serbiya Respublikası, Bosniya və Herseqovina və Monteneqroda fövqəladə və səlahiyyətli səfiri kimi fəaliyyət göstərdiyi 2010-2020-ci illərdə qabaqcadan əlbir olan bir qrup şəxs halında 17.931.316 manat (16.893.868 avro) pul vəsaitini səfirliklər üçün yeni inzibati binaların alınması, habelə təmir-tikinti işləri ilə əlaqədar israf etmə və mənimsəməsinə, cinayət yolu ilə əldə edildiyini bilə-bilə 11.804.661 manat (11.156.716 avro) məbləğində pul vəsaitini leqallaşdırmasına, rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edərək vəzifə saxtakarlığı törətməsinə, vəzifəli şəxs kimi vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan 327.373 manat (180.728 avro) məbləğində mühüm zərər vurmasına və dövlət büdcəsinin xeyli miqdar təşkil edən 192.387 manat (101.761 avro) pul vəsaitindən təyinatı üzrə istifadə etməməsinə əsaslı şübhələr müəyyən edilib.

Buna görə, Eldar Həsənova Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israfetmə, külli miqdarda törədildikdə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma, külli miqdarda törədildikdə) 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) 308-1.1 (Dövlət büdcəsinin vəsaitindən təyinatı üzrə istifadə etməmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan olunub.

Eldar Həsənovun birgə ittiham olunduğu cinayətlərin digər iştirakçıları barəsində cinayət işi ayrıca icraata ayrılaraq istintaqı davam etdirilir.

"Son zamanlar bəzi sosial şəbəkələrdə və kütləvi informasiya vasitələrində Eldar Həsənovun səhhəti ilə bağlı həqiqətəuyğun olmayan məlumatlar yayılmaqdadır. Bununla bağlı bildirilir ki, o, Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi Tibb Baş İdarəsinin hərbi hospitalında müayinə və müalicə olunmuş, barəsində cinayət təqibinin həyata keçirilməsinə mane olan hər hansı xəstəliyi aşkar olunmamışdır" deyə məlumatda qeyd edilir.

Bundan əvvəl Vəkil Cavad Cavadov Amerikanın səsinə bildirib ki, avqustun 8-də Eldar Həsənov saxlanıldığı Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi Hospitalında növbəti başgicəllənmə nəticəsində huşunu itirərək üzü üstə yerə yıxılıb.

Avropa İnsan Haqları Məhkəməsi bu il mayın 7-də və iyunun 23-də Məhkəmə Qaydalarının 39-cu maddəsinə uyğun olaraq, Eldar Həsənovun səhhətindəki problemlərlə əlaqədar stasionar qaydada hospitala yerləşdirilməsi, zəruri müayinə, cərrahiyyə əməliyyatı aparılması barədə qərar qəbul etmişdi. Bundan sonra iyulun 2-də keçmiş səfir Dövlət Təhlükəsizliyi Xidmətinin Hospitalında əməliyyat olunub.

İyulun 31-də Dövlət Təhlükəsizliyi Xidmətinin Təcridxanasının İstintaq otağında istintaq hərəkəti zamanı Eldar Həsənov növbəti başgicəllənməsi səbəbindən yerə yıxılıb. Bundan sonra o, yenidən Dövlət Təhlükəsizliyi Xidmətinin Hospitalına köçürülüb.

Eldar Həsənov 1995-2000-ci illərdə Azərbaycanın Baş prokuroru olub. Baş prokuror vəzifəsindən azad edildikdən sonra Azərbaycanın Rumıniyadakı səfiri təyin edilib. 12 il bu vəzifədə çalışandan sonra 2013- cü ildə Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Hersoqovinadakı səfir vəzifəsinə təyin olunub.

XS
SM
MD
LG