Accessibility links

Keçmiş səfir həbs qətimkan tədbirinin girovla əvəz edilməsini istəyir


Eldar Həsənov

“Açıq-aşkar görünən budur ki, Eldar Həsənovun səhhəti heç də yaxşı deyil və istənilən an kritik durum yarana bilər. O, az ağır cinayət törətməkdə ittiham edilir və qanun bu növ cinayətlərə görə seçilmiş həbs qətimkan tədbirinin girovla əvəz edilməsinə yol verir. Eldar Həsənov elan edilmiş ittihamlarda özünü təqsirli bilmir, tam, hərtərəfli, obyektiv araşdırma aparılmasını tələb edir. Onun şəxsiyyətini xarakterizə edən halları, 65 yaşının olmasını, səhhətində olan problemləri, o cümlədən infeksiyaya yoluxma riskini nəzərə alaraq müdafiə tərəfi onun barəsində seçilmiş həbs qətimkan tədbirinin girovla əvəz edilməsi haqda vəsatətlə məhkəməyə müraciət etmək niyyətindədir.” Bu barədə hazırda həbsdə olan Azərbaycanın Serbiyada, Monteneqroda, Bosniya və Herseqovinadakı keçmiş səfiri Eldar Həsənovun vəkili Adil İsmayılov Facebook səhifəsində yazıb.

Eldar Həsənov avqustun 13-də Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılıb. Avqustun 14-də Bakının Səbail rayon Məhkləməsi hakim Azər Tağıyevin sədrliyi ilə Eldar Həsənov barəsində noyabrın 3-dək həbs qətimkan tədbiri seçib. Avqustun 20-də Bakı Apellyasiya Məhkəməsi onun şikayətini təmin etməyib.

Avqustun 25-də vəkil Adil İsmayılov bildirib ki, Xarici İşlər Nazirliyinin əməkdaşları barəsində DTX istintaq idarəsində istintaq edilən cinayət işindən Həsənovun barəsində Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərində sui-istifadə etmə) və 308-1.1-ci (büdcə vəsaitlərindən təyinatı üzrə istifadə etməmə) maddələri ilə cinayət işi ayrılaraq aidiyyəti üzrə Baş Prokurorluğa göndərilib və hazırda istintaq orada davam etdirilir.

Vəkilin sözlərinə görə, Eldar Həsənovun şəxsi xahişi nəzərə alınaraq o, DTX-nın İstintaq təcridxanasında saxlanılır.

“O, son illər ərzində, xüsusən də son iki ildə bir sıra ağır xəstəliklərdən əziyyət çəkib və daim həkim nəzatərində olub. Təcrid olunmuş vəziyyətdə saxlanılması onun səhhətinə çox ciddi mənfi təsir edir. Gündəlik çox sayda, müxtəlif adlarda dərman preparatları qəbul edir,” o qeyd edib.

Vəkil Adil İsmayılov daha öncə bildirib ki, Eldar Həsənov ittihamları qəbul etmir, həbsini qərəzli, əsassız hesab edir və saxlanıldıqdan bu günə kimi ifadə verməkdən imtina edib, heç bir ifadə verməyib.

Şərhlərə bax

XS
SM
MD
LG