Accessibility links

Keçmiş səfir Hərbi Hospitala köçürülüb


Eldar Həsənov
Eldar Həsənov

Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı keçmiş səfiri Eldar Həsənov iyulun 2-də stasionar qaydada müayinə, müalicə və cərrahiyyə əməliyyatları aparılması üçün Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Hərbi Hospitalına köçürülüb.

Vəkili Cavad Cavadov bildirib ki, Avropa İnsan Hüquqları Məhkəməsinin qəbul etdiyi 7 may 2021-ci il tarixli qərarına əsasən Eldar Həsənov stasionar qaydada DTX-nin Tibb Hospitalına yerləşdirilməklə komleks qaydada müayinə, müalicə, cərrahiyyə əməliyyat keçirilməli idi.

"Həmin qərar onun icrasına məsul olan şəxslər tərəfindən yerinə yetirilməyib. Müraciətimiz əsasında Avropa İnsan Hüquqları Məhkəməsi 23 iyun 2021-ci ildə əvvəlki qərarını daha da sərt formada təkrarladı və təcili olaraq Eldar müəllimin stasionara yerləşdirilməsini tələb etdi," vəkil qeyd edib.

Vəkilin sözlərinə görə, təcili olaraq stasionar qaydada xəstəxanaya yerləşdirilməsi və zəruri müalicə, cərrahiyyə əməliyyatlarının aparılmasını nəzərdə tutan sonuncu qərarın da icrası buna məsul olan cavabdeh şəxslər tərəfindən bu günə qədər ləngidilib.

"Yalnız bu gün Eldar müəllim xəstəxanaya köçürüldü. Nəticədə, onun səhhəti bu müddətdə daha da ağırlaşıb. Yaxın vaxtlarda onu, ola bilər ki, bir yox, bir neçə ağır əməliyyat gözləyir."

Vəkil bildirib ki, Eldar Həsənov hesab edir ki, Avropa Məhkəməsinin qərarının icrasının ləngidilməsi, icra edilməməsi və yekunda onun səhhətinin ağırlaşmasına şərait yaradılması, buna məsul olan cavabdeh şəxsin ona qarşı illərdir davam edən düşməçiliyinin, qisasçılığının nəticəsidir.

"Eldar Həsənov DTX-nin İstintaq Təcridxanasının personalına, o cümlədən tibb heyətinə onun həyatda qalması üçün etdikləri bütün addımlarına görə təşəkkürünü bildirməsini xahiş etdi. Biz ümid edirik ki, onun səhhətinin ağır formada olması nəzərə alınaraq yaxın vaxtlarda həbs qətimkan tədbiri dəyişdiriləcək," vəkil qeyd edib.

Eldar Həsənov 2020-ci il avqustun 13-də Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılıb. Avqustun 14-də Bakının Səbail rayon Məhkəməsi hakim Azər Tağıyevin sədrliyi ilə Eldar Həsənov barəsində həbs qətimkan tədbiri seçib.

Xarici İşlər Nazirliyinin əməkdaşları barəsində DTX istintaq idarəsində istintaq edilən cinayət işindən Həsənovun barəsində Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərində sui-istifadə etmə) və 308-1.1-ci (büdcə vəsaitlərindən təyinatı üzrə istifadə etməmə) maddələri ilə cinayət işi ayrılaraq aidiyyəti üzrə Baş Prokurorluğa göndərilib və hazırda istintaq orada davam etdirilir.

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) 2020-ci il iyulun 3-də Xarici İşlər Nazirliyində (XİN) keçirdiyi xüsusi əməliyyatdan sonra bu nazirliyin 5 vəzifəli şəxsi saxlanılıb. Sonradan həmin şəxslərin hamısı ev dustaqlığına buraxılıb. Yalnız Eldar Həsənovun ev dustaqlığına buraxılması barədə vəsatəti təmin edilməyib.

Həsənov 2013-cü ildən 2020-ci ilədək Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Hersoqovinadakı səfiri idi. O bundan öncə 2001-2013-cü illərdə Rumıniyada səfir olub. Həsənov həmçinin 1995-2000-ci illərdə Azərbaycanın baş prokuroru olub.

XS
SM
MD
LG