Accessibility links

Keçmiş səfirin cinayət işinin istintaqı prokurorluqda aparılacaq


Azərbaycan Xarici İşlər Nazirliyinin əməkdaşlarının vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, rüşvətalma faktlarına görə başlanmış və Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq idarəsində istintaq edilən cinayət işindən Eldar Həsənovun barəsində Azərbaycan Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərində sui-istifadə etmə) və 308-1.1-ci (büdcə vəsaitlərindən təyinatı üzrə istifadə etməmə) maddələri ilə qaldırılan cinayət işi ayrılaraq istintaqın davam etdirilməsi üçün Baş Prokurorluğa göndərilib.

Bu barədə vəkil Adil İsmayılov Facebook səhifəsində məlumat yayıb.

“Bir daha bildirmək istəyirəm ki, Eldar Həsənov həbsini anlaşılmazlıq hesab edir, məsələnin ölkə daxilində, hüquqi müstəvidə öz həllini tapacağına ümid edir və vəsatətin təmin edilməsi onun ümidini artırıb,” vəkil qeyd edib.

Baş Prokurorluq Eldar Həsənovun barəsində olan cinayət işinin Dövlət Təhlükəsizliyi Xidmətindən Baş Prokurorluğa göndərilməsi barədə vəkil Adil İsmayılovun yaydığı məlumatı təsdiq edib. Baş Prokurorluğun mətbuat xidməti bildirib ki, hazırda Eldar Həsənov barəsində olan cinayət işi üzrə istintaq Baş Prokurorluğun İstintaq İdarəsində aparılır.

Eldar Həsənov avqustun 13-də Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılıb.

DTX-nin məlumatına görə, Azərbaycan Xarici İşlər Nazirliyinin bəzi vəzifəli şəxslərinin öz səlahiyyətlərindən sui-istifadə edib dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran əməllərə yol vermələri ilə bağlı başlanılmış cinayət işi üzrə Xarici İşlər Nazirliyinin İşlər idarəsinin müdiri, Nazirliyin Tender Komissiyasının sədri Fərhad Molla-zadə, Konsulluq idarəsinin rəisi Faiq Bağırov və digərləri vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, rüşvət alma faktlarına görə cinayət məsuliyyətinə cəlb edilərək barələrində məhkəmənin qərarları əsasında həbs qətimkan tədbiri seçilib.

Maliyyə yoxlamaları zamanı Azərbaycanın Serbiyada, Monteneqroda, Bosniya və Hersoqovinadakı səfiri Eldar Həsənov tərəfindən də xeyli miqdarda büdcə vəsaitinin təyinatı üzrə istifadə edilməməsi və digər qanun pozuntularının törədilməsinə dair əsaslı şübhələr müəyyən edilib. Aparılan istintaq çərçivəsində Eldar Həsənov şübhəli şəxs qismində tutulub.

Avqustun 14-də Bakının Səbail rayon Məhkləməsi hakim Azər Tağıyevin sədrliyi ilə Eldar Həsənov barəsində noyabrın 3-dək həbs qətimkan tədbiri seçib.

Avqustun 20-də Bakı Apellyasiya Məhkəməsi onun şikayətini təmin etmədikdən sonra vəkil Adil İsmayılov bildirib ki, Eldar Həsənov ittihamları qəbul etmir, həbsini qərəzli, əsassız hesab edir və saxlanıldıqdan bu günə kimi ifadə verməkdən imtina edib, heç bir ifadə verməyib.

XS
SM
MD
LG