Həbsdə olan keçmiş səfir Eldar Həsənovun vəkilləri onun barəsində həbs qətimkan tədbirinin dəyişdirilməsi xahişi ilə prezident İlham Əliyevə və birinci vitse-prezident Mehriban Əliyevaya müraciət edib.
“Eldar Həsənovun vəkilləri olaraq, onun səhhətindəki çox ciddi və ağır durumla bağlı, bəlkə də sonuncu dəfə, sizə müraciət edirik. Xəstəliyin surətlə irəliləməsi nəticəsində durum o qədər ağırdır ki, növbəti dəfəyə ehtiyac qalmaya bilər. Vəkillər olaraq düşünürük ki, onun səhhətinin ağır durumda olması barədə məlumatlar bəlkə də sizə çatmır,” müraciətdə qeyd edilir.
Vəkillər Həsənovun səhhətinin ağır olmasından bəhs edir.
“Əvvəlki müraciətlərimizdə də bildirmişdik ki, Eldar Həsənov keçən ilin oktyabr ayından başlayaraq təkrarlanan başgicələnmələrdən, ayaqların tutulmasından və nəticədə yıxılmalardan şikayət edirdi. İndiyə kimi 170 dəfədən artıq belə yıxılmalar baş vermişdir. Həmin vaxtdan çəliklə hərəkət etmək məcburiyyətində qalmışdır. Baş Prokurorluğa onun öz həkimləri tərəfindən müayinə olunması ilə bağlı dəfələrlə vəkillərinin vəsatətləri əsassız olaraq təmin edilməməsi belə ağır fəsadlara gətirib çıxartmışdır. Hospitalda stasionarda olan zaman, müayinə zamanı onda paroksizmal pozision vertiqo, sol tərəfli diskogen boyun radikulopatiyası, diskogen lumbal radikulopatiya aşkar olunmuşdur. Beləliklə hazırkı vaxtadək başgicələnmələrin və yıxılmaların səbəbi bu xəstəlik olmuşdur. Bu xəstəliyin vaxtında aşkara çıxarılmaması və adekvat müalicə aparılmaması səbəbindən hazırda durum çox ağırdır. Müntəzəm başgicələnmələr yıxılmalarla müşahidə olunur və istənilən növbəti yıxılmaların birində ağır fəsad baş verə bilər,” müraciətdə qeyd edilir.
Xatırladaq ki, Avropa İnsan Haqları Məhkəməsi bu il mayın 7-də və iyunun 23-də Məhkəmə Qaydalarının 39-cu maddəsinə uyğun olaraq, Eldar Həsənovun səhhətindəki problemlərlə əlaqədar stasionar qaydada hospitala yerləşdirilməsi, zəruri müayinə, cərrahiyyə əməliyyatı aparılması barədə qərar qəbul etmişdi. Bundan sonra iyulun 2-də keçmiş səfir Dövlət Təhlükəsizliyi Xidmətinin Hospitalında əməliyyat olunub.
Eldar Həsənov 1995-2000-ci illərdə Azərbaycanın Baş prokuroru olub. Baş prokuror vəzifəsindən azad edildikdən sonra Azərbaycanın Rumıniyadakı səfiri təyin edilib. 12 il bu vəzifədə çalışandan sonra 2013- cü ildə Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Hersoqovinadakı səfir vəzifəsinə təyin olunub. 2020-ci ilin avqustunda Bakıda Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılıb.
Eldar Həsənov Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 308-1.1 (büdcə vəsaitlərindən təyinatı üzrə istifadə etməmə) maddələri ilə ittiham olunur.
Keçmiş səfir ittihamları qəbul etmir. Bu cinayət işi üzrə həbs edilən Xarici İşlər Nazirliyinin digər əməkdaşlarının hamısı barədə həbs qətimkan tədbiri dəyişdirlib. Yalnız Həsənov həbsdədədir.
Hazırda Eldar Həsənovla bağlı ibtidai istintaq başa çatıb. Vəkillər və keçmiş səfir istintaq materialları ilə tanış olur.