Accessibility links

Keçmiş vəkil: Vəkillərin sayı 100 faiz artsa da aktiv vəkillər azlıq təşkil edir


Vəkillər Kolllegiyası

Son üç ildə Azərbaycanda vəkillərin sayı 100% artıb.

Vəkillər Kollegiyasının hesabatında deyilir ki, 2004-2018-ci illərdə (14 il ərzində) ölkədə vəkillərin sayı 600 nəfər artaraq 931 nəfər olub, lakin 2018-2020-ci illərdə (3 il ərzində) vəkillərin sayı 913 nəfər artaraq 1844 olub.

Sənəddə deyilir ki, 3 il əvvəl vəkil qurumlarının sayı 39 olsa da, hazırda bu rəqəm artaraq 100 olub və onların bir çoxu yenilənib, əsaslı şəkildə təmir edilib.

Azərbaycan adambaşına düşən vəkil sayına görə Avropada aşağı göstəricilərə malikdir - hər 100 min nəfərə 18,4 vəkil düşür. Bu, orta Avropa göstəricisindən (162 vəkil) 8,8 dəfə azdır.

Vəkillər Kollegiyası vəkillərin az olmasının səbəbini ölkədə hüquq təhsilli insanların az olması ilə izah edir.

“Unutmaq olmaz ki, Azərbaycanda hüquqşünas məzunların sayı digər ölkələrdən təqribən 10 dəfə azdır. Bu da vəkillərin sayına birbaşa təsir edir,” hesabatda qeyd edilir.

Hesabatda həmçinin Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ), Beynəlxalq Qızıl Xaç Komitəsi, BMT-nin ixtisaslaşmış qurumları və digər beynəlxalq təşkilatlar ilə əməkdaşlıq çərçivəsində, 3 il boyunca 705-dən çox vəkilə təlimlər keçirildiyi bildirlir.

Bununla yanaşı, son illər ondan çox tanınmış aktiv vəkil vəkllikdən kənarlaşdırılıb.

Keçmiş vəkil Xalid Bağırov Amerikanın Səsinə deyib ki, son illər Azərbaycanda vəkillərin sayı artsa da yenə Avropa ölkələrindən və qonşu Gürcüstandan çox geri qalır.

“Yenə də əsas problemlərdən biri ölkədə vəkillərin sayının az olmasıdır. Vəkillərin sayı çoxalmalıdır ki, rəqabətlilik artsın. Vəkillərin sayının artması keyfiyyətli müdafiənin təşkili üçün əsas şərtdir. Düzdür son illər vəkillərin sayı artıb. Ancaq, aktiv vəkillərin sayı artıbmı? Bu sual doğurur. Yenə də aktiv vəkillərin sayı azlıq təşkil edir,” o qeyd edib.

Xalid Bağırov beş il əvvəl vəkillikdən kənarlaşdırılıb. O, ölkədə siyasi məhbus kimi tanına bir çox insanların hüquqlarını müdafiə edib. Avropa Məhkəməsi 2020-ci ildə onun şikayətini təmin edib və Azərbaycan hökumətini Bağırovun vəkillik hüququnu bərpa etməyə çağırıb. Lakin yerli məhkəmə hələ də Bağırovun vəkillik hüquqnu bərpa etməyib.

XS
SM
MD
LG