Accessibility links

ABŞ: İranla nüvə proqramına dair razılığın əldə edilməsi qarşısında ciddi fikir ayrılıqları qalır


ABŞ Dövlət katibi Con Kerri İranın nüvə proqramının məhdudlaşdırlıması ilə bağlı razılığın əldə edilməsi qarşısında ciddi fikir ayrılıqlarının hələ də qaldığını deyib.

Con Kerri Birləşmiş Ştatlar və dünyanın daha beş qüdrətli dövləti və İran arasında danışıqların başladığı Vyanadadır. Birləşmiş Ştatlar, Britaniya, Fransa, Almaniya, Rusiya və Çin İranın atom bombası istehsal etməsinə mane olmaq üçün ölkənin nüvə yanağı hasil etmək qabiliyyətinin azaldılmasına çalışır. Bunun müqabilində iqtisadiyyatı əsas etibarilə neftdən asılı olan İrana qarşı beynəlxalq sanksiyaların tədricən aradan qaldırılması nəzərdə tutulur.

İran uran zənginləşdirilməsi proqramının dinc məqsədlərə xidmət etdiyini bildirərək, sanksiyaların tez zamanda aradan qaldırılmasını istəyir. Lakin İranın həssas nüvə fəaliyyətlərini BMT müfəttişlərindən uzun müddət gizlətməsi beynəlxalq ictimaiyyət tərəfindən şübhələrin artmasına gətirib çıxarıb. Digər tərəfdən, diplomatiyanın baş tutmadığı halda Yaxın Şərqdə yeni müharibənin başlaya bilməsi riski də mövcuddur.

Avropa İttifaqının xarici siyasət şöbəsinin rəhbəsi Ketrin Eşton və itifaqın digər nazirləri ilə görüşdən əvvəl açıqlama verən Dövlət katibi Kerri deyib ki, “ciddi fikir ayrılıqları qalır və inkişafın əldə edilə bilməsinin mümkünlüyünə baxmaq lazımdır.”

İranın Xarici İşlər nazirinin müavini Abbas Araqçı da eyni mesajla çıxış edib. İranın ərəb dilində proqramlar yayımlayan Əl-Ələm televiziyasına müsahibə verən Araqçı bütün əsas və mühüm məsələlərlə bağlı mübahisələrin qaldığını deyib. “Mühüm məsələlərdə bu fikir ayrılıqlarını azalda bilmirik və bunun edə bilib-bilməyəcəyimiz aydın deyil”-deyə o bildirib.

İran və dünya qüdrətləri ilə yeni razılaşma nüvə proqramına nəzarətə dair iyulun 20-i müddəti bitən əvvəlki razılığı əvəz etməlidir.

XS
SM
MD
LG