Accessibility links

Con Kerri ilk xarici səfərinə başlayıb



ABŞ Dövlət katibi Con Kerri keçən ay Hillari Klintonu bu vəzifədə əvəz etməyə başlayandan sonra ilk xarici səfərinə çıxır. 11 gün sürəcək səfər zamanı Con Kerri Avropa və Yaxın Şərqin 9 ölkəsində olacaq.

Amerikanın baş diplomatının ilk dayanacağı Londondur. Dövlət Departamentinin verdiyi açıqlamada Con Kerrinin xarici ölkə rəsmilərilə keçirəcəyi görüşlər zamanı Suriyada vəziyyətin əsas diqqət mərkəzində olacağı bildirilir. Con Kerrinin Suriya Müxalifət Koalisiyası ilə görüşü planlaşdırılıb.

Londondan sonra ABŞ Dövlət katibi Berlin, daha sonra isə Parisə yollanaraq, Vaşinqtonun Fransa və başqa ölkələrlə Malidə vəziyyətin sabitləşdirilməsi istiqamətində səylərini müzakirə edəcək.

Con Kerri bundan sonra Roma, Anka və Qahirəyə səfər edəcək. Dövlət Departamentinin bildirdiyinə görə, Misirdə olduğu zaman Con Kerri regionda siyasi konsensusun əldə edilməsi üçün səyləri və Ərəb Liqası ilə bölgədəki vəziyyəti müzakirə edəcək.

Con Kerri Yaxın Şərqdə olduğu zaman Ər-Riyad, Əbu Dabi və Dohaya səfər edəcək.
XS
SM
MD
LG