Tehran Şəhər Şurasının aldığı qərarla bir küçəyə azərbaycanlı yazıçı Səməd Behrənginin adının verilməsinə etiraz edilib.
Tehran Şəhər Şurası üzvləri iyunun 20-də keçirilən açıq iclasda Tehrandakı bir sıra küçələrin adlarının dəyişdirilməsinə dair razılığa gələrək, Tehranın 6-cı Bölgəsindəki 1-ci küçəyə "Səməd Behrəngi" adını verilməsinə dair qərar qəbul edib. Küçələrə yeni adların verilməsi üçün keçirilən iclasda bir neçə digər küçəyə də yeni adlar verilib.
İranın hakimiyyətinin fundamentalistlərinə yaxın olmaqla tanınan Keyhan qəzeti isə Tehran Şəhər Şurasının bir küçəyə təbrizli yazıçı Səməd Behrənginin adını verməsi ilə bağlı tənqidi yazı nəşr edib.
Keyhan qəzeti “Tehran Şəhər Şurasının xalqın seçiminə qarşı intiqamı!” başlıqlı yazıda Tehran Şəhər Şurasının seçkidən sonra “Marksist qrupların populyar yazıçılarından biri”nin adını Tehran küçələrindən birinə verməyə qərar verdiyini qeyd edib və bu addımı Tehran xalqından intiqam almaq kimi dəyərləndirib.
Qəzetdə yayımlanan qısa yazıda Tehran Şəhər Şurasının üzvlərinin keçirilən son seçkilərdə xalq tərəfindən seçilmədikləri vurğulanaraq, onların aldığı qərarı xalqdan alınmış intiqam kimi dəyərləndirib.
Rəsmi statistikaya görə, Tehran şəhərində seçkilərdə seçici fəallığı 26 faiz, Tehran vilayətində isə 34.38 faiz olub. Ancaq buna baxmayaraq Keyhan qəzeti Tehran Şəhər Şurasının “eyni davranışları üzündən” xalq arasında məyusluq yaratdığını və son keçirilən seçkidə xalqdan “mənfi cavab” aldıqlarını iddia edib.
Təbrizli yazıçı Səməd Behrənginin uşaq ədəbiyyatı sahəsində yazdığı hekayələrdən ibarət kitabları müxtəlif dillərə tərcümə olunub və dünya səviyyəsində tanınır.
Keyhan qəzeti və qəzetin baş redaktoru Hüseyn Şəriətmədari ekstremist yanaşmaları və mövqelərı ilə tanınır. Keyhan qəzeti Keyhan İnstitutunun ən məşhur nəşridir.