Accessibility links

KİV-ə Dövlət Dəstəyi Fondunda mənimsəmə və siu-istifadə faktı üzrə cinayət işi başlanıb


Hesablama Palatasının Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə təqdim etdiyi materialların araşdırılmasının nəticələrinə görə Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunda büdcə vəsaitlərinin mənimsənilməsi və məqsədli istifadə edilməməsi faktları ilə bağlı cinayət işi başlanıb.

Bu məlumatı iyunun 17-də Baş Prokurorluğun mətbuat xidməti yayıb.

Məlumata görə, sui-istifadə halları KİV-ə dəstək üzrə proqram və layihələrin həyata keçirilməsi, qəzetlərə maliyyə yardımının bölüşdürülməsi, tikinti normalarına əməl olunmaması, obyektlərin dəyərinin şişirdilməsində (yəqin ki, jurnalistlər üçün yaşayış binaları nəzərdə tutulur) və s. ilə aşkar edilib.

Bununla əlaqədar Cinayət Məcəlləsinin 179.4 (külli miqdarda mənimsəmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 308-1.2 (külli miqdarda büdcə vəsaitindən məqsədli istifadə etməmə) və 308-2.4-cü (dövlət satınalmalarının qanunsuz keçirilməsi) maddələri üzrə istintaq başlayıb.

Baş Prokurorluq bildirir ki, təqsirli şəxslərin əhatə dairəsinin aşkar edilməsi və məsuliyyətə cəlb edilməsi üçün təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir.

"Həmçinin daxil olan şikayətlər əsasında KİV nümayəndələri üçün tikilmiş iki çoxmərtəbəli binada ehtiyacı olan jurnalistlərə mənzillərin verilməsinə yaradılan əngəllər, həmin evlərdə yaşayış sahəsinin paylanması şərtlərinin kobud şəkildə pozulması faktlarının araşdırılması aparılır. Bu cür qanunazidd hərəkətlərlə üzləşən jurnalistlərdən Baş Prokurorluğun Baş İdarəsinin “961” çağrı mərkəzinə və “161” qaynar xəttinə müraciət etmək xahiş olunur," məlumatda qeyd edilir.

Bu açıqlamaya hələlik, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçmiş və indiki rəhbərliyindən münasibət almaq mümkün olmayıb.

Mehman Əliyev: KİVDF əvvəlki formada işləməməlidir

Turan Agentliyinin direktoru Mehman Əliyev deyir ki, KİVDF öz məramnaməsinə uyğun heç vaxt fəaliyyət göstərməyib.

"Bu yeni deyil. Biz həmişə tənqid eləmişik. Çünki KİVDF öz məramnaməsinə uyğun heç vaxt fəaliyyət göstərmirdi. Yəni, onun əsas vəzifəsi medianın iqtisadi dayaqlarnın gücləndirilməsi proqramları həyata keçirmək idi. O isə qrantların verilməsi ilə məşğul idi. Nəticə olaraq o nəyə gətirdi? Tirajlar düşdü, qəzetlər sıradan çıxdı, bağlandı. Hətta KİVDF son olaraq maliyyələşdirməni azaltdı. Bir sıra qəzetlərin maliyyə ilə.dirilməsini dayandırdı. Bu fəaliyyət gətirdi Azərbaycan çap mediasının iflasına. Bax, KİVDF yaranandan gündən.siyasəti bu olub. Sonra orada korrupsiya halları, pulun mənimsənilməsi, vəzifədən sui -istifadə halları səslənirdi, jurnalistlər yazırdı. Vaxtında tədbirlər görülmədi. Əlbəttə onun arxasında Əli Həsənov dururdu. İndiki nəticələr, araşdırmalar hesab edirəm ki, müsbətdir, lazımdır. Amma mənim üçün vacib məqam odur ki, KİVDF öz məramnaməsinə uyğun olaraq fəaliyyətə başlasın. Son məlumata görə təəssüflər olsun ki, belə deyil. Çünki onlar yenə müsabiqə elan edirlər. Yenə də qrant vermək məsələsidir ortada. Bu onu göstərir ki, onun fəaliyyətində hələ ki, biz, dəyişiklik görmürük."

O deyib ki, KİVDF əvvəlki formada işləməməlidir.

“Təşəbbüs bizdən olub. Mən də onun içində idim. Biz onu yaradırdıq ki, bu hqkimiyyətlə media arasında körpü olsun. Əslində sağlam medianın formalaşması olsun Azərbaycanda. Olmasın müxalifət mediası, dövlət mediası, hamısı olmalıdır müstəqil media, keyfiyyətli və məsuliyyətli KİV. Əsas bu idi. Bizim istəyimiz bu idi. Əgər, bu formada olsa lazım ola bilər. Əgər belə deyilsə mən hesab edirəm ki, KİVDF əvvəlki qaydada işləsə o formada Azərbaycana lazım deyil,” Əliyev qeyd edib.

Xatırlatma

KİV-ə Dövlət Dəstəyi Fondunun rəhbəri Vüqar Səfərli bu il aprelin 4-də ölkə prezidentinin fərmanı ilə vəzifədən azad edilib.

Uzun illər KİV-ə Dövlət Dəstəyi Fondunun fəaliyyəti tənqidlərə səbəb olub və qeyri-şəffaf olub. Bu qurum dövlət başçısının ideologiya üzrə keçmiş köməkçisi Əli Həsənovun nəzarətində olub.

Bir çox KİV və jurnalistlər Həsənovu və Səfərlini vəzifə səlahiyyətindən sui-istifadədə və 2009-cu ildə yaradılmış Fondun vəsaitini mənimsəməkdə ittiham ediblər.

XS
SM
MD
LG