Accessibility links

Kiyevdə LGBT paradı keçirildi


Kiyevdə bazar günü, 23 iyun tarixində “Bərabərlik yürüşü” adlı LGBT paradı keçirilib. İştirakçılar Ukraynada yaşayan geylər, lezbiyanlar, biseksuallar və transgenderlər üçün bərabər hüquqlar tələb edirlər. Təşkilatçıların verdiyi məlumata görə, aksiyada 8 min insan iştirak edib.

İştirakçılar Kiyevin mərkəzi küçələrində yürüş edərək, “Bizim ənənə - bizim azadlıq!” və “Üsyan et, sev, hüquqlarından vaz keçmə” şüarlarını səsləndiriblər. Təşkilatçılar hücumlardan və təxribatlardan ehtiyatlandığı üçün yürüşün marşrutu öncədən məlum deyildi. Yürüş bitəndən sonra isə nümayişçilər polisə üz tutaraq, şüarlarla təşəkkürlərini ifadə ediblər.

Aksiyadan sonra könüllülər iştirakçılara xəbərdarlıq etdilər ki, dağılışdıqları zaman təhlükəsizlik səbəblərinə görə aksiya ilə bağlı simvolikanı yığışdırsınlar. Təhlükəsizliyin təmin edilməsi məqsədilə iştirakçılara aksiya məkanını avtobuslarla tərk etmək imkanı yaradılmışdı.

Kiyevdə LGBT paradları 2016-cı ildən bəri keçirilir. Hər il sağ radikallar və dini təşkilatların nümayəndələri bu aksiyaların keçirilməsinə mane olmağa çalışırlar. Parad təşkilatçılarının ünvanına müxtəlif hədələr, sosial media səhifələrində isə parad iştirakçılarına hücumlar çağırışları səsləndirilir.

Bu il polis parad iştirakçılarına qarşı təxribat planlaşdıran doqquz nəfərin saxlanılması haqda məlumat yayıb.

XS
SM
MD
LG