ABŞ-ın Kolorado ştatının Boulder şəhərinin polisi bazar ertəsi bir ərzaq mağazasında atışma nəticəsində 10 nəfərin öldüyünü bildirib.
Boukder Polis İdarəsinin rəisi Maris Herold deyib ki, ölənlər arasında polis zabiti Erik Talli də var ki, o, silahlı atışma başlayandan sonra hadisə yerinə gələn ilk polis işçisi olub. Herold Tallinin “qəhrəmancasına” hərəkət etdiyini deyib.
Herold gecə yarısı mətbuat nümayəndələrinə açıqlamasında bildirib ki, bir şübhəli şəxs saxlanılıb və atışma ilə bağlı təhqiqatıb beş gün aparılacağı gözlənilir.
Rayon prokuroru Maykl Doteru bildirib ki, hücumun səbəbilə bağlı spekulyasiya etmək üçün hələ çox tezdir. O deyib ki, Boulder “qorxunc və dəhşətli kütləvi atışmaya şahid olub.”
“Bu insanlar normal həyatlarını yaşayır, ərzaq alış-verişi edirdilər və onların həyatları hazırda nəzarət altında olan silahlı şəxs tərəfindən qısaldı,” Doteri deyib. “Mən qurbanlara və Kolorado insanlarına söz verirəm ki, biz ədaləti təmin edəcəyik,” o əlavə edib.
Rəsmilər qurbanların kimliklərini müəyyən etmək və onların ailələrinə xəbər vermək səylərinin davam etdiyini bildirib.
Konqresdə silahlara nəzarətlə bağlı müzakirələr
Birləşmiş Ştatlarda kütləvi atışmalar ölkədə silahlara çıxışla bağlı debatı yeniləyib. Senatın Ədliyyə Komitəsinin çərşənbə axşamı “Konstitusiya və Sağlam Düşüncə çərçivəsində Silah Zorakılığını Azaltmaq üçün Addımlar” adlı dinləmə keçirəcəyi gözlənilir. Bu, silah zorakılığını azaltmaq üçün atılmalı olan addımları müzakirə etmək üçün nəzərdə tutulan dinləmələrdən ilkidir.
Koloradoda son zamanlarda bir neçə kütləvi atışma baş verib. Buna 2012-ci ildə Avrora şəhərinə kinoteatra hücum və 1999-cu ildə Kolumbin şəhərində məktəbə hücum daxildir.
Bazar günü Boulderdə hücum isə Atlanta yaxınlığında səkkiz nəfərin ölümü ilə nəticələnən üç biznesə hücumdan bir həftə sonra baş verib. Bu, ABŞ-da bu il yeddinci kütləvi qətl hadisəsidir.