Hazırda Bakıda ev şəraitində müalicə alan və koma vəziyyətində olan hüquq müdafiəçisi Oqtay Gülalıyev yeni növ koronavirusa yoluxub.
Bu barədə onun oğlu məlumat yayıb.
Onun sözlərinə görə, dünən Gülalıyevin səhhətində geriləmə baş verib: qızdırması qalxıb, nəfəs darlığı yaranıb. Ondan koronavirus analizi götürüblər. Bu gün nəticəsi pozitiv çıxıb.
Hazırda Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) və Heydər Əliyev Fondu Oqtay Gülalıyevin müalicəsi üçün tədbirlər görür.
Oqtay Gülalıyev 29 oktyabr 2019-cu ildə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində kəllə-beyin travması alıb və bir neçə saatdan sonra komaya düşüb. Əməliyyat yalnız növbəti gün həyata keçirilib və mütəxəssislərin rəyinə görə, bu müddətdə beyinə qan sızması artıb.
Sonradan birinci vitse-prezident Mehriban Əliyevanın göstərişi ilə Heydər Əliyev Fondu onun Türkiyədə müalicəsinə köməklik edib və orada o daha bir neçə əməliyyat edilib. Fəalın sağlamlığının müsbət dinamikasına baxmayaraq, hələ də huşu özünə gəlməyib. Gülalıyev noyabrın 8-də Bakıya gətirilib. Onun müalicəsi ev şəraitində davam etdirilir.