Accessibility links

Konqoda kiçik təyyarənin qəzası nəticəsində 27 nəfər həlak olub


Konqo Demokratik Respublikasının şərqindəki Qoma şəhərində kiçik sərnişin təyyarəsinin əhalinin sıx yaşadığı əraziyə düşməsi nəticəsində 27 nəfərin öldüyü bildirilir. Təyyarənin düşdüyü ərazidə yerdə olan bir neçə nəfər də ölənlər arasındadır.

Rəsmilərin bildirdiyinə görə, 250 kilometr şimalda Beni şəhərinə istiqamət götürən yerli Busy Bee şirkətinə məxsus propeller təyyarəsi havaya qalxandan az sonra qəzaya uğrayıb.

16 sərnişin və 2 ekipaj üzvünün olduğu Dornier 228-200 təyyarəsinin qəzaya uğramasının səbəbləri məlum deyil.

Konqoda təhlükəsizlik standartlarının və təmir xidmətlərinin zəif olması ilə əlaqədar olaraq təyyarə qəzaları tez-tez baş verir. Busy Bee şirkəti də daxil olmaqla, Konqonun bütün kommersiya hava şirkətlərinin Avropa İttifaqına uçuşları qadağan edilib.

Keçən ay eyni aeroportdan prezident Feliks Tshisekedinin aparat üzvlərini daşıyan karqo təyyarəsinin havaya qalxandan bir saat sonra qəzaya uğraması nəticəsində təyyarədə olan bütün səkkiz nəfər həlak olmuşdu.

XS
SM
MD
LG