Accessibility links

Konqres üzvləri USAGM-i jurnalistlərə J-1 vizalarının verilməməsinin səbəbini izah etməyə çağırır


Bazar ertəsi ABŞ Nümayəndələr Palatası və Senatının bir qrup üzvü ABŞ Qlobal Media Agentliyinin (USAGM) rəhbəri Maykl Pakı jurnalistləri və Amerikanın Səsinin də daxil olduğu USAGM-in şəbəkələrinin missiyasını təhlükəyə atan qərarları əsaslandırmağa çağırıb.

Doqquz Demokrat qanunverici Paka məktub yazaraq idarənin addımlarının, o cümlədən xarici jurnalistlərin vizalarını yeniləməməyin və idarə rəhbərinin təhlükəsizlik riskləri ilə bağlı söylədiklərinin onu ruh yüksəkliyini artırmaq və şəbəkələrin işlərini daha effektiv şəkildə görmək imkanlarını yaxşılaşdırmaqla bağlı istəkləri ilə necə üst-üstə düşdüyünü izah etməsini tələb edib.

Məktub müəllifləri sırasına Senatın Xarici Əlaqələr Komitəsinin aparıcı üzvü Nyu Cersi senatoru Bob Menendez və Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin sədri Nyu York nümayəndəsi Eliot Engel daxildir.

“Bu vizaları yeniləməmək USAGM-in missiyasını həyata keçirmək üçün unikal bacarıqları və fərasətlərindən istifadə edən işçilər və podratçılara qarşı rəhmsiz bir davranışdır,” məktubda bildirilir. Məktubda həmçinin vizaları rədd edilən jurnalistlərin “adətən xarici ölkələrdə bir çox insanın çıxışı olduğu yeganə həqiqi, şəffaf və etibarlı xəbərləri” işıqlandırdıqları bildirilib.

Maykl Pak
Maykl Pak

Məktubu imzalayanlar həmçinin USAGM-in J-1 vizalarını yeniləməmək qərarının ABŞ-ın milli təhlükəsizliyini necə qoruduğunu sual ediblər və Pakı sentyabrın 30-dək yazılı şəkildə cavab göndərməyə çağırıblar.

USAGM Amerikanın Səsinin şərh istəyinə cavab verməyib.

Pak iyun ayında təyinatı təsdiq olunandan bəri bir neçə müsahibəsində və Amerikanın Səsinin işçiləri ilə kommunikasiyasında bildirib ki, o, idarənin redaksiyasının müstəqilliyini qorumaq və onu idarənin missiyasını yerinə yetirək üçün daha effektiv etmək istəyir. O, həmçinin hökumətin apardığı təftişlərin nəticəsində idarədə keçmiş rəhbərlərin həll etmədiyi, uzun illər davam edən ciddi təhlükəsizlik problemlərinin olduğunu bildirib.

Pak USAGM-də vəzifəsinin icrasında başlayandan dərhal sonra Azad Avropa Radiosu/Azadlıq Radiosu, Azad Asiya Radiosu, Yaxın Şərq Yayım Şəbəkəsinnin başçılarını işdən çıxarıb və Açıq Texnologiya Fondunun idarə heyətini dəyişməyə cəhd edib. Amerikanın Səsinin direktoru Amanda Bennett Pak vəzifəsinin icrasına başlamadan iki gün öncə istefa verib.

İdarə rəhbəri həmçinin xarici jurnalistlərin J-1 viza proseslərinin nəzərdən keçiriləcəyini elan edib və bu zaman ərzində bir neçə jurnalistin icazəsinin müddəti keçib. O, avqust ayında idarənin azı altı yüksək səviyyəli rəsmisini inzibati məzuniyyətə göndərib.

Pak iyul ayında yaydığı bəyanatda idarənin missiyasını yerinə yetirmək imkanını təhlükəyə atan və “ABŞ-ın milli təhlükəsizliyinə hədə olan” xətalarla bağlı təhqiqatın aparılmasına göstəriş verib.

Respublikaçı və Demokrat qanunvericilər Pakın USAGM-ın başına keçəndən bəri atdığı addımlarla bağlı narahatlıqlarını ifadə ediblər. İdarə rəhbərinin sentyabrın 24-də Xarici Əlaqələr Komitəsi önündə ifadə verəcəyi gözlənilir.

J-1 viza sahibləri işdən çıxarılıb

Avqustun 27-də USAGM-in insan resursları şöbəsi vizaları bitən və ya gələcək aylarda bitəcək bir neçə J-1 viza sahiblərinin işlərinə son qoyulduğunu bildirən məktub göndərib.

Məktubda bildirilir ki, USAGM müqavilələri işçilərin J-1 vizalarının müddətlərinin bitdiyi, yəni onların “artıq Birləşmiş Ştatlarda işləmək icazələrinin olmadığı” üçün ləğv edib.

Bir jurnalist Amerikanın Səsinə bildirib ki, məktub yanlış tarixdə verilib və onlara qanunla müəyyən edilmiş 15 günlük xəbərdarlıq edilməyib.

Məsələ ilə yaxından tanış olan insanlar Amerikanın Səsinə bildiriblər ki, azı iki nəfər də vizalarının oktyabrın sonunadək etibarlı olmasına baxmayaraq bu məktubu alıblar. Jurnalistlərdən biri insan resursları şöbəsinə məsələ ilə bağlı sual ünvanlayıb, şöbə isə məktubların səhvən göndərildiyini bildirib.

İndoneziya xidmətinin iki üzvü onlara məktub göndərilmədən öncə artıq ölkələrinə geri dönüblər. Onlar vizalarının müddəti bitdiyi üçün ABŞ-ı tərk etmək məcburiyyətində qalan Amerikanın Səsinin azı beş jurnalistindən ikisidir.

İdarə rəhbərinin ofisi bildirir ki, onlar “idarənin menecmentini yaxşılaşdırmaq və ABŞ-ın milli təhlükəsizliyini qorumaq üçün” vizaları yenilənməli olan insanların işlərini tək-tək nəzərdən keçirir. Konqres üzvləri, media haqları qrupları və ABŞ jurnalistləri bildirir ki, vizaların yenilənmə prosesi Amerikanın Səsinin jurnalistlərini riskə atıb.

Associated Press-in vitse-prezidenti və standartlar üzrə redaktoru Con Daniszevski Amerikanın Səsinə bildirib ki, jurnalistlərin təhlükəsizliyi prioritet olmalıdır.

“Jurnalistikanın hər yerdə hücum altında olduğu bu dünyada jurnalistləri qorumaq çox mühümdür və jurnalistləri təhlükəyə atan hər şeydən çəkinmək lazımdır,” o deyib.

Sentyabrın əvvəlində Amerikanın Səsinin 40-dan çox keçmiş və indiki işçiləri, o cümlədən xidmət rəhbərləri, baş redaktorlar və xarici müxbirlər Amerikanın Səsinin direktor vəzifəsini icra edən Elez Biberaca kadr dəyişikliyi və Pakın bir müsahibəsi zamanı söylədikləri barədə məktub yollayıblar.

Məktubda iddia olunur ki, “Pakın addılmları milli təhlükəsizlik prioriteti hesab olunan bəzi ölkələr üçün nəzərdə tutulan layihə və verilişlərə ziyan vurmaq riski daşıyır.”

Məktubda Pakın avqustun 27-də mühafizəkar vebsayt və podkast olan The Federalist-ə müsahibəsinə istinad olunub. Həmin müsahibədə o, USAGM-də keçirdiyi ilk aylardan və milli təhlükəsizlik məsələlərinə ayırdığı diqqətdən bəhs edib.

Pak müsahibəsində həyatlarını riskə atan və insanların zülmə məruz qaldığı “ərazilərə həqiqəti çatdırmaq üçün qəhrəman motivasiyasına sahib” jurnalistləri təqdir edib.

O, jurnalistləri qovduğunu inkar edib. Bundan əlavə isə hazırda nəzərdən keçirilən təhlükəsizlik məsələlərini müzakirə edən Pak deyib ki, bəzi işçilər yanlış yoxlanışdan keçiblər və xarici kəşfiyyat xidmətləri yarandıqları gündən bəri ABŞ hökümətinin maliyyələşdirdiyi media agentliklərinə sızmaq istəyiblər. “Bura xarici casusu yerləşdirmək üçün əla yerdir,” o əlavə edib.

Amerikanın Səsində 35 il işləmiş keçmiş xəbər müdiri Andre de Nesnera deyib ki, o, işçilərin yazdığı məktubu həyatlarının risk altında olan jurnalistlərin işdən çıxarılmasına və Pakın müsahibəsində söylədiklərinə cavab olaraq imzalayıb.

“Mühüm olan etibardır. Etibarı qazanmaq etmək çox çətindir. Onu əldə etmək uzun illər tələb edir, amma bir saniyənin içində itirmək olur. Bizim bəzilərimiz, Maykl Pakın söylədiklərini nəzərə alaraq, Amerikanın Səsinin ABŞ hökümətinin səsinə çevriləcəyini düşünür, amma bu, belə olmamalıdır,” o deyib.

Pak sentyabrın 10-da Sara Karter Şousu-na müsahibəsi zamanı idarənin casus yerləşdirmək üçün münasib yer olduğuna dair düşüncələrini təkrarlayıb. O deyib ki, son 10 ildə işçilərin 40 faizi yoxlanışdan düzgün keçməyiblər. O, əlavə edib ki, USAGM həmin zaman ərzində xarici agentliklərin Amerikanın Səsi və ya başqa şəbəkələrinə sızıb-sızmadıqlarını bilmir.

Washington Post qəzetinin köşə yazarı Ceyson Rezayan Amerikanın Səsinə bildirib ki, Pakın casuslarla bağlı söylədikləri “məsuliyyətsizlikdir və bu məşhur və uzun müddətdir fəaliyyət göstərən təşkilata ziddir.” Rezayan Washington Post-un Tehrandakı müxbiri vəzifəsində çalışarkən İranda saxta casusluq ittihamları ilə 544 gün həbsdə olub.

“Bu, yanlış yerə şübhələri artırır və Amerikanın Səsinin missiyasını sual altına alır,” o deyib.

O bildirib ki, casusluqda ittiham olunanların “bu iddiada qalib gəlmələri qeyri-mümkündür. "İki üstəgəl ikinin beşə bərabər olduğundan əmin olan insanlarla mübahisə edərkən qalib gəlmək mümkün deyil.”

“Adətən Qərb rəsmilərinin ictimai bəyanatları və söylədikləri cəfəngiyyatlar təhlükəyə açıq və artıq həbsdə olan insanlara qarşı sui-istifadə oluna bilər. O, Britaniya baş naziri Boris Consonun xarici işlər naziri ikən İranda həbsdə olan müəllimlə bağlı yanlış olaraq onun jurnalistlərə təlim keçdiyinə dair söylədiklərini misal gətirib.

“Mən bunun icmaları və ya ölkələri barədə xəbərləri işıqlandırmağa çalışan bir çox şərəfli, zəhmətkeş jurnalistin böyük təhlükələrlə üzləşəyindən narahatam,” o deyib.

Azad Asiya Radiosunun iki sabiq jurnalisti Radio Kamboca xidmətini bağlayandan sonra gizlicə avadanlıq quraşdırdıqlarına dair iddialara görə casusluq ittihamı ilə üzləşirlər. Əgər hazırda məhkəmənin nəzarətində olan jurnalistlər məhkum olunsalar onlar 15 il müddətinə həbs ilə üzləşə bilərlər. Onları təmsil edən vəkil Sam Çamrun Amerikanın Səsinə bildirib ki, onların işi Ali Məhkəməyə göndərilib.

Bəzən repressiv ölkələr Amerikanın Səsi, Azad Asiya Radiosu və digər yayım şəbəkələrinin jurnalistlərinin vizalarını rədd edir, deportasiya edir, həbs edir və ya hücumlara məruz qoyur.

“İslam Respublikası və onun kimi rejimlər, yəni Rusiya, Çin, Səudiyyə Ərəbistanı və getdikcə Türkiyə, Misirdə vəziyyət onsuz da pisdir. Biz onları dünya boyu jurnalistlərin həyatlarını çətinləşdirməyə həvəsləndirməməliyik,” Rezayan deyib.

Demək olar hər bir avtoritar hökümətdə “jurnalistlər narahatedici faktları üzə çıxaranda casusluqla və ya milli təhlükəsizliyi təhlükəyə atmaqda ittiham olunublar," AP-dən Daniszevski bildirib. “Jurnalistlərin casus olduğunu söyləmək çox təhlükəlidir. Bu, hər bir jurnalisti şübhəli şəxs durumuna salır və müəyyən mənada təhlükə qarşısında qoyur.”

XS
SM
MD
LG