Accessibility links

ABŞ Şimali Qafqazda radikallaşma prosesindən nə dərəcədə ehtiyatlanmalıdır?


ABŞ-da Boston marafonu zamanı bomba partlayışlardan sonra diqqət mərkəzində olan başlıca məsələlərdən biri Amerika xüsusi xidmət orqanlarının effektivliyi məsələsidir.

ABŞ Konqresinin Nümayəndələr Palatasının Terrorizm və Nüvə Silahlarının Yayılmaması Komitəsinin Avropa və Avrasiya üzrə alt komitəsində məsələnin müzakirəsi ilə bağlı “Çeçenistanda islam ekstremizmi ABŞ üçün təhlükə yaradırmı?” mövzusunda dinləmə keçirilib. Dinləmələrin diqqət mərkəzində Federal Təhqiqat Bürosunun Rusiyanın Tamerlan Tsarnayevin islamçı radikallarla mümkün əlaqələrinə dair xəbərdarlığına reaksiyası, eyni zamanda ABŞ-ın Rusiyanın Şimali Qafqaz regionuna kifayət qədər diqqət verib-verməməsi kimi məsələlər olub.Müzakirələr alt komitənin sədri respublikaçı konqresmen Dana Rohrabakerin sədrliyi ilə keçib.

Dinləmələr zamanı ekspertlər Dağıstan və Çeçenistanda durumu şərh etməyə çalışaraq, Doku Umarovun “Qafqaz Əmirliyi” qrupu haqda qanunvericilərə məlumat veriblər. Onların bildirdiyinə görə, qrup ABŞ-la müharibə etmək fikrində deyil və Dağıstan bu gün Çeçenistandan daha böyük təhlükə yaradır.

ABŞ qanunvericiləri Federal Təhqiqat Bürosu tərəfindən Boston hücumlarını törətməkdə şübhəli bilinən qardaşlarından biri, Tamerlan Tsarnaeyevin altı ay Dağıstandan qalması ilə əlaqədar kifayət qədər təhqiqat aparılmaması ilə bağlı suallar qaldırıblar.

Dünya Siyasəti İnstitutunun eksperti, keçmiş dövlət katibi Ceysm Beykerin xüsusi müşaviri olmuş professor Pol Qobl deyib ki, Dağıstanda bugünkü şəraiti nəzərə alaraq, Tamerlan Tsarnayevin orada altı ay qaldıqdan sonra islamçı radikallarla əlaqəsi olmaması mümkün deyil.

Amerikanın Səsinə müsahibədə Pol Qobl ABŞ-ın Şimali Qafqaz və Mərkəzi Asiya regionları ilə daha yaxından məşğul olmalı olduğunu deyib. “Bizdə nə qədər çox infomasiya olsa, o qədər yaxşı reaksiya verə bilərik. Hazırda biz sanki qaranlıq bir otaqdayıq. Bu, ABŞ üçün ciddi təhlükə ola bilərmi? Şübhəsiz. Orada elə adamlar var ki, onların sayı çox deyil, amma belə adamlar var, onlar ABŞ-a yaxşı heç bir şey arzu etmir. Bizim bu insanlar haqda məlumatımız olmalıdır, onların hərəkət etməsini, indiki vəziyyət kimi vəziyyətlərdən çıxmaq üçün biz onların izinə düşməliyik”-deyə Pol Qobl bildirib.

Ekspert deyib ki, vəziyyəti yaxşılaşdırmaq əvəzinə, onu daha da çətinləşdirə biləcək bir siyasət yeritməmək üçün terrorçuların radikallaşması prosesini başa düşmək olduqca vacibdir. “Bu mənim fikrimcə, olduqca ciddi bir təhlükədir”-deyə o bildirib.

Pol Qoblun sözlərinə görə, ABŞ Tamerlan Tsarnayev Dağıstandan qayıtdıqdan sonra ona diqqət verməməklə böyük səhvə yol verib. “Amerikalılar Çeçenistan haqda nəsə eşitdikləri üçün bu haqda danışır, amma Dağıstan həm Rusiya, həm də ABŞ üçün daha təhlükəli bir yerdir. Orada vəziyyət olduqca qeyri-sabitdir, hökumət vəziyyətə demək olar nəzarət edə bilmir. Buna ciddi diqqət yetirmək lazımdır”-deyə professor Qobl vurğulayıb.

Pol Qobl Şimali Qafqaz regionunda cihad ideologiyasının elementlərinin mövcud ola bildiyi etnik-millətçi hərəkatlarla yanaşı, Səudiyyə Ərəbistanı və İran körfəzi ölkələrindən ixrac edilmiş daha kompakt cihadçı hərəkatların olduğunu qeyd edib.
XS
SM
MD
LG