Accessibility links

ABŞ Müdafiə naziri: İslam Dövləti qrupuna qarşı mübarizədə İraqdan daha ciddi təəhhüdlər gözləyirik


ABŞ Müdafiə naziri Eşton Karter İraq hökumətini İslam Dövləti qrupuna qarşı daha ciddi mübarizə aparmağa çağırıb. O, rəsmi Bağdadın İraq ərazilərinin böyük hissəsini ələ keçirmiş qrupa qarşı döyüşmək üçün quruda kifayət qədər əsgəri qüvvə toplamadğını deyib.

Konqresdə İslam Dövləti qrupuna qarşı strategiyanın müzakirə edildiyi dinləmədə danışan Eşton Karter kifayət qədər yeni qüvvənin olmadığını deyib. O bildirib ki, İraqda İslam Dövləti qrupuna qarşı mübarizə aparmaq üçün “ərazini ələ keçirə biləcək qabiliyyətli və çevik qüvvələrə” ehtiyac var. Eşton Karter keçən ay Ənbər vilayətinin paytaxtı Ramadi şəhərinin İslam Dövləti qrupu tərəfindən ələ keçirilməsini böyük uğursuzluq kimi dəyərləndirib.

“İraq liderlərinə dediyimiz kimi, Birləşmiş Ştatlar İraqı əvvəl olduğundan da çox dəstəkləməyə hazır olduğu bir vaxt, biz İraq hökumətinin bütün orqanlarından daha çox təəhhüd görmək istəyirik”-deyə Eşton Karter bildirib.

ABŞ prezidenti Barak Obama keçən həftə Ənbər vilayətində İraqın quru qoşunlarına təlim vermək üçün Amerikanın 450 nəfərdən ibarət təlimçi qrupunun göndərilməsinə razı olub.

Eşton Karter deyib ki, Amerikanın əlavə personalı regionda sünni döyüşlərin ordu sıralarına cəlb olunması işində böyük dəyişiklik yarada bilər.

XS
SM
MD
LG