Accessibility links

ABŞ Konqresində Azərbaycan rəsmilərini hədəf alan qətnamə təqdim olundu


Azərbaycan rejimi tərəfindən insan hüquqlarının pozulması hallarının davam etdiyini nəzərə alaraq konqresmenlər Kris Smit (Respublikaçı, Nyu Cersi ştatı) və Cim MakQovern (Demokrat, Massaçusets ştatı) Azərbaycanda insan hüquqlarına hörmət edilməsi və qanunun aliliyinin təşviqini nəzərdə tutan qətnamə layihəsi irəli sürüblər.

Konqresin Nümayəndələr Palatasının Beynəlxalq İnsan Hüquqları heyətinə sədrlik edən Smit bildirib: “Azərbaycan rejimi işgəncələr, siyasi motivli cinayət işləri, təcavüz, beynəlxalq adam qaçırma və digər növ təhdidlər vasitəsilə insan hüquqları müdafiəçilərini, müstəqil jurnalistləri və dini liderləri susdurmaq cəhdlərinə davam edirlər.” Konqresmen əlavə edib ki, “bizim ölkələr arasında əhəmiyyətli təhlükəsizlik və iqtisadi əlaqələrin mövcudluğu aydın olsa da, bu cür pozuntulara göz yumulmamalıdır".

Qətnamədə ABŞ hökümətinin Azərbaycan höküməti ilə əməkdaşlıq etdiyi zaman insan hüquqları və fundamental azadlıqların prioritetləşdirilməsi, o cümlədən Qlobal Maqnitski İnsan Hüquqlarına Cavabdehlik Aktına əsasən insan hüquqları pozuntularına yol verən rəsmilərin cəzalandırılması təklif edilir. Bununla bərabər, qətnamədə Azərbaycan hökümətinin bütün siyasi məhbusların və vicdan məhbuslarının dərhal azad edilməsi və hökümətin hesabatlılığını və demokratik dəyərləri təşviq edən insanların hədəf alınmasının dayandırılması çağırılır.

Qlobal Maqnitski Aktının yeni dövrdə universal insan hüquqlarının müdafiəsində ABŞ-ın liderliyinə yol açmış olduğunu deyən Smitin hazırladığı sənəddə deyilir: “ABŞ insan hüquqları pozuntularına yol verən insanlara qarşı viza qadağası, əmlakın dondurulması kimi alətlərdən istifadə etməlidir. Bu ölçülər Azərbaycan hökümətində hüquq pozuntularına yol verən insanların bəhrələndiyi cəzasızlıq mühitini məhv edəcək.”

Smit Azərbaycanda insan hüquqları pozuntuları ilə bağlı iki dinləmə keçirib. Ən sonuncu dinləmə “Jurnalist Xədicə İsmayılovanın Azərbaycan höküməti tərəfindən təqib edilməsi” mövzusunda idi.

XS
SM
MD
LG